Rusiyaya qarşı sanksiyalar fonunda
Cənubi Qafqaz ABŞ-ın məngənəsində
Qərb dövlətləri Ukrayna müharibəsini dolayısı ilə cənubi Qafqaza çəkmək, bu region ölkələrini Rusiya ilə qarşıdurmaya sürükləmək istəyirlər. ABŞ Dövlət Departamenti Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmağa çalışacaq istənilən Cənubi Qafqaz ölkəsini dolayısı ilə təhdid edib.
Qərbin yüksək vəzifəli nümayəndələri Tbilisidə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.
ABŞ-ın Sanksiyalar İdarəsinin rəhbəri Cim O'Brayen bu gün Aİ-nin sanksiyalar üzrə səfiri Devid O'Sallivan və Böyük Britaniya hökumətinin nümayəndəsi Kumar Ayerlə birlikdə "Gürcüstan hakimiyyəti ilə "qarşılıqlı maraq doğuran məsələləri, xüsusən sanksiyaları və onların səmərəli şəkildə həyata keçirilməsi məsəllərini" müzakirə etmək üçün Tbilisiyə gələcəklər, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamenti bildirib.
"Bu səfərin məqsədi birbaşa rabitə kanalı açılması və gələcək üçün kooperativ dialoq qurulmasıdır", deyə idarədən bildiriblər, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Səfər Rusiya və Moskva ilə yaxın olan bir sıra Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Gürcüstan, Qazaxıstan və Ermənistan arasında ticarətlə bağlı Kremlin Ukraynaya tammiqyaslı hücumu başladıqdan sonra kəskin şəkildə artan narahatlıqlar fonunda baş tutur.
"Bu müzakirələr haqqında ətraflı danışmaq istəmirəm, sadəcə onu demək istəyirəm ki, bizim Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalardan yayınmağa çalışacaq istənilən ölkə ilə bağlı narahatlıqlarımız var", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.
"Və biz daim sanksiyaları sərtləşdirməyin və ya onlardan yayınmağa çalışan şəxslər və ya təşkilatlar barəsində sərt tədbirlər görməyin yollarını axtarırıq". Miller deyib. O Tbilisidə aparılacaq müzakirələrin təfərrüatını açıqlamayıb.