Rusiya İŞİD-in mövqelərini Xəzərdən vurdu
Okt 08, 2015 12:17 Asia/Baku
-
Rusiya İŞİD-in mövqelərini Xəzərdən vurdu
Sergey Şoyqu: Rusiyanın Xəzərdəki hərbi gəmiləri də İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşuldu.
Rusiya müdafiə naziri çərşənbə günü bildirib: Rusiyanın 4 ədəd hərbi gəmisi Suriyada İŞİD terror qruplaşmasının mövqelərini 26 ədəd kruz raketi ilə hədəfə alıb.Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Sergey Şoyqu bunu Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib.
Raşa Tudey informasiya kanalı da bu xəbəri yayımlayaraq, raketlərin Xəzər dənizindən atıldığını bildirib.
Rusiya ordusunun Xəzərdən olan raket hücumu ilə yanaşı, artıq bir neçə gündür ki, Rusiya qırıcıları Suriyada İŞİD-in mövqelərinə havadan zərbələr endirirlər.
S.Şoyqu əlavə edib: Terrorçuların məhv edilməsi üçün hərbi hava qüvvələri ilə yanaşı bu gün səhər terrorçuların mövqeləri bizim hərbi gəmilərimiz vasitəsilə hədəfə alınıb. Hədəflərin hamısı məhv edilib.
O daha sonra deyib: Bu hücum bizim raketlərimizin hətta uzaq məsafədən belə çox təsirli və dəqiq olduqlarını sübut etmiş olub.
Xəzərdən atılan raketlərin İŞİD-in 11 mövqeyini hədəf aldığını deyən Rusiya müdafiə naziri əlavə edib: Qərbli şəriklərimizdən Suriyada İŞİD-in hansı mövqelərinin hədəfə alınmalı olduqlarını Rusiyaya bildirmələrini istəyirik.
Sergey Şoyqu Rusiya qırıcılarının indiyə kimi Suriyada İŞİD-in 112 bazasını vurduğunu da qeyd edib.
Bu arada Türkiyə Xarici İşlər Nazirliyi cümə günü Fransa, Almaniya, Qətər, Ərəbistan, Amerika və İngiltərə ilə birlikdə müştərək bir bəyanat yayaraq, Rusiyadan Suriyada "müxalif qüvvələr"ə qarşı hücumları dayandırmasını və diqqətini İŞİD-in mövqelərinə yönəltməsini istəyib.
Rusiya Müdafiə Nazirliyi isə həyata keçirilən hava hücumlarının Rusiya və Suriya tərəfindən həyata keçirilmiş kəşfiyyat uçuşları və təsdiq edilmiş dəqiq məlumatlar əsasında baş tutduğunu bildirib.
Suriyanın Rusiyadakı səfiri Ryaz Həddad da bildirib ki, Rusiya hava qüvvələrinin hücumları Suriya ordusunu himayə üzrə olub və sadəcə terrorçuların mövqeləri hədəfə alınıb.
Ryaz Həddad Rusiya hava qüvvələrinin hücumları zamanı sivillərin də hədəfə alınması barədə gəzən şayiələri də rədd edərək, müxaliflərin hədəfə alınmadığını bildirib.