Pakistan Ərəbistanın hərbi koalisiyanın yaradılması üzrə özbaşınalığını tənqid edib
Pakistan xarici işlər nazirinin müavini Ərəbistanın yeni təşkil etdiyi hərbi koalisiyaya, İslamabadın razılığını almadan bu ölkənin adını da daxil etməsini tənqid edib.
İzaz Əhməd Çodəri jurnalistlərə deyib: Ərəbistanın hərbi koalisiyanın təşkil edilməsi ilə bağlı rəsmi açıqlamasını eşitdiyimiz zaman, son dərəcə təəccübləndik. Başa düşə bilmirik ki, Ərəbistan Pakistanın adını necə bu siyahıya daxil edib.
O daha sonra deyib: Ər-Riyaddakı səfirimizdən istəmişik ki, Ərəbistan rəsmilərindən bu məsələyə aydınlıq gətirmələrini istəyin.
Ərəbistanın rəsmi xəbər agentliyi çərşənbə axşamı qeyri-adi bir hərəkətdə 34 ölkənin adının yer aldığı bir siyahı açıqlayaraq, bu ölkələrin adlarının yeni təsis edilən "Terrorizm İlə Mübarizə üzrə İslam Ölkələri Koalisiyası"na daxil olduqlarını açıqlayıb. Halbuki, bu siyahıda adı olan bir çox ölkə öncədən bu barədə məlumatlandırılmayıb.
Ər-Riyad iddia edir ki, İordaniya, BƏƏ, Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Seraleon, Somali, Qana, Fələstin, Komor, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Nigeriya, Niger, Yəmən və Uqanda Ərəbistanın başçılıq etdiyi bu koalisiyaya qoşulmaq ilə razılaşıblar.
Pakistan və Livanın Xarici İşlər Nazirlikləri Ərəbistanın bu hərəkətinə etiraz ediblər.
Bu ilk dəfə deyil ki, Ərəbistan Pakistanın adını bu ölkə ilə heç bir məsləhətləşmə aparmadan Ər-Riyadın başçılıq etdiyi hərbi koalisiyaya daxil edir. Daha öncə, cari ilin əvvəllərində Yəmənə qarşı hücuma başladığı zaman da Ərəbistan Pakistanın adını anti-Yəmən hərbi koalisiyasına daxil etmişdi. Amma, Pakistan bu koalisiyaya qoşulmaqdan çəkindi.