Mart 16, 2016 21:02 Asia/Baku
  • ABŞ Rusiya əleyhinə sanksiyaları ləğv etmək üçün şərt qoydu
    ABŞ Rusiya əleyhinə sanksiyaları ləğv etmək üçün şərt qoydu

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi çərşənbə günü bildirib ki, Rusiyanın Krım yarımadasına nəzarəti davam etdiyi zamana qədər Rusiyaya qarşı sanksiyalar davam edəcək.

Krım yarımadası 2014-cü ilin mart ayında referendum keçirildikdən sonra Ukrayna ərazisindən ayrılıb və Rusiyaya ilhaq edilib. Ukrayna və müttəfiqləri bu referendumu qəbul etmirlər. Qərb ölkələri Krımın Rusiya ərazisinə ilhaq edilməsindən sonra Moskva əleyhinə iqtisadi embarqolara başladılar. ABŞ prezidenti Barak Obama təxminən iki həftə öncə Rusiyanın Ukraynada müdaxiləsi ilə əlaqədar sanksiyaların müddətini bir il daha uzatdı. Bununla belə bu ilk dəfədir ki, bir ABŞ rəsmisi Rusiya əleyhinə qərbin sanksiyalarının ləğv edilməsinin ilkin şərti olaraq Krımın Ukraynaya qaytarılmasından söz açır.

ABŞ-ın başçılıq etdiyi qərb ölkələri Moskva əleyhinə sanksiyaları davam etdirməklə Ukrayna məsələsində Rusiyanı diz çökdürmək üçün təzyiqlərin davamını vurğulayırlar. Amerika, Avropa Birliyi və Yaponiya, Kanada və Avstraliya kimi bəzi ölkələrin Rusiya əleyhinə hərtərəfli sanksiyalar tətbiq etməsinin rəsmi bəhanəsi Ukrayna böhranı və Moskvanın Ukraynanın şərqində Donbasda müxalifləri dəstəkləməsi və Krımın Rusiyaya ilhaq edilməsidir. Moskva da öz növbəsində qərbin təzyiqləri qarşısında təslim olmayıb və Ukrayna qarşısında, eləcə də Krım yarımadasının qorunması məsələsində öz mövqeyini vurğulayır. Rusiya həmçinin Avropa Birliyi və qərb blokunun digər ölkələrinə qarşı qarşılıqlı sanksiya tətbiq edib. Bu arada ABŞ bu prosesin davamını təşviq edən əsas oyunçu rolunu oynayır. ABŞ qərbin başçısı olaraq Rusiya qarşısında düşmənçilik strategiyasını izləyir və avropalı və qeyri-avropalı müttəfiqlərinin köməyi ilə Moskva əleyhinə müxtəlif məhdudiyyətlər tətbiq etmişdir.

ABŞ-ın Rusiya əleyhinə hərəkətləri siyasi, iqtisadi, təhlükəsizlik və hərbi sahələri əhatə edir. Amerikanın iqtisadi aspektdə məqsədi budur ki, sanksiyalar tətbiq etməklə və Rusiyanın iqtisadiyyatını zəiflətməklə Kremli Ukrayna böhranı üçün Qərbin şərtlərini qəbul etməyə məcbur etsin. Ukrayna böhranından Krımı yenidən ələ keçirmək üçün qızıl fürsət qazanan Moskvanın Amerikanın tələbinə təslim olması və Krım yarımadasının yenidən qaytarılması gerçəkləşməsi qeyri-mümkün olan məsələdir.

Kreml rəhbərliyinin fikrincə, Krım heç vaxt Ukraynanın bir hissəsi olmayıb. Əksinə SSRİ-nin o dövrkü rəhbəri Nikita Xuruşov 1954-cü ildə bu yarımadanı Ukraynaya verib.

Kreml rəhbərliyi Krım yarımadasını Rusiyanın ərazisi hesab edir ki, nahaq yerə bu ölkədən ayrılmışdır və hazırda da bu ölkəyə ilhaq olunmuşdur.

Ruslar elə bu səbəbə görə heç bir vəchlə onu Ukraynaya qaytarmağı düşünmürlər. Eyni zamanda Moskva Qərbin təzyiqləri qarşısında təslim olmayıb və Ukrayna böhranı və Krımın əbədi olaraq Rusiyaya aid olması kimi məsələlərdə öz mövqelərini vurğulayırlar.

Buna əsasən proqnoz etmək olar ki, xüsusilə Ukrayna böhranı qarşısında ABŞ və Rusiyanın ziddiyyətli mövqelərini nəzərə aldıqda bu iki ölkənin qarşılaşma prosesi davam edəcək.

Teqlər