Yahoo istifadəçilərin elektron poçtundan casusluq edib
Yahoo ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tələbi əsasında istifadəçilərin elektron poçtundan casusluq edib.
Röytersin verdiyi məlumta görə, məlumatlı mənbələr bildiriblər ki, Yahoo şirkəti ötən il gizli şəkildə bir proqram hazırlayıb və bu proqram vasitəsi ilə bu şirkətin elektron poçt xidməti istifadəçilərinin bütün elektron məktublarında axtarış aparılıb. Bu əməliyyat ABŞ MKİ-nin istədiyi xüsusi məlumatları əldə etmək üçün həyata keçirilib.
Şirkətin 3 keçmiş əməkdaşı və bu əməliyyatdan xəbəri olan 4-cü şəxs deyiblər ki, ötən il ABŞ dövlətinin gizli istəyi əsasında Yahoo şirkəti ABŞ Milli Təhlükəsizlik Agentliyi və yaxud Mərkəzi Kəşfiyyat İdarəsi üçün yüz milyonlarla istifadəçinin elektron poçtunun surətini çıxarıb.
Adlarının açıqlanmaması şərti ilə məlumat verən bu mənbələr deyiblər ki, kəşfiyyat rəhbərləri hansısa elektron məktub yaxud onun əlavəsində xüsusi bir cümlənin ardınca imişlər.
Yahoo-nun icraçı direktoru Marissa Mayerin ABŞ-ın kəşfiyyat rəhbərlərinin tələblərini yerinə yetirməyə qərar verməsi şirkətin bəzi digər baş müdirlərini narazı edib və Yahoo-nun informasiya təhlükəsizliyi üzrə müdiri olan Aleks Stamosun 2015-ci il iyun ayında istefaya çıxması həmin olaylarla əlaqəli olmuşdur.
Yahoo şirkəti bu mövzu barədə verilən suala cavabda "Yahoo qanuna tabe olan bir şirkətdir və Amerikanın qanunlarına tabedir" deməklə kifayətlənib.
ABŞ Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsi də bu barədə verilən sualları cavablandırmaqdan çəkinib.
ABŞ-ın keçmiş rəsmiləri və agentlərinin dediklərinə görə, bu ilk dəfədir ki dövlət rəsmiləri insanların elektron məktublarının axtarılmasını tələb edir və bu məqsəd üçün də xüsusi kompüter proqramı hazırlanır.