Yan 06, 2017 18:16 Asia/Baku
  • Səəd Əl-Hədisi
    Səəd Əl-Hədisi

İraqın baş nazirlik ofisinin sözçüsü Türkiyə hərbçilərinin Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsindən sonra İraqı tərk edəcəklərindən xəbər verib.

İRİB-nin bu günə olan məlumatına görə, İraqın baş naziri Heydər Əl-İbadinin ofisinin sözçüsü Səəd Əl-Hədisi deyib: Türkiyənin baş naziri Binali Yıldırım son zamanlar Əl-İbadi ilə telefon əlaqəsi saxlayaraq, Türkiyənin İraqın milli hakimiyyəti və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb və bildirib ki, Türkiyə hərbçiləri Mosulun azad edilməsi əməliyyatı başa çatan kimi, dərhal İraqı tərk edəcəklər.

Səəd Əl-Hədisi əlavə edib: Binali Yıldırım Bağdad və Ankara arasında müştərək komissiyanın yaradılmasını istəyib və sabah İraqa səfər edəcək Türkiyə nümayəndə heyətinə də Binali Yıldırımın özü başçılıq edəcək.

İraq rəsmiləri bundan öncə Türkiyədən öz hərbçilərini bu ölkədən çıxartmasını istəmişdilər. Türkiyə rəsmiləri isə İŞİD ilə mübarizədə iştirak məqsədi ilə öz hərbçilərinin İraqda qalmasında israr edir.

Türkiyə 2015-ci ilin sonlarında İraqa yüzlərlə hərbçi göndərib və bu hərbçilər Mosulun yaxınlığında yerləşən Bəşiqə bazasında yerləşiblər. Bu hərbçilərin əsas missiyası İŞİD ilə mübarizədə kürd peşmərgə qüvvələrinə təlim keçməkdən ibarətdir.

Teqlər