May 12, 2017 14:45 Asia/Baku
  • Putin: Fələstin ilə əlaqələr Rusiya üçün mühümdür
    Putin: Fələstin ilə əlaqələr Rusiya üçün mühümdür

Rusiya prezidenti Vladimir Putin Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas ilə görüşdə Moskva üçün Fələstin ilə əlaqələrin böyük önəm kəsb etdiyini deyib.

İRNA-nın məlumatına görə, Putin cümə axşamı Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas ilə görüşdə Rusiya və Fələstin əlaqələrinin dərin tarixi köklərə malik olduğunu deyib.

"Hazırkı dövrdə də iki tərəf arasındakı əlaqələr daim qarşılıqlı etimada əsaslanan yaxın və sıx əlaqələr olub" deyə Putin qeyd edib.

Rusiya prezidenti həmçinin, Fələstin və İsrail rejimi arasındakı sülh müzakirələrinə işarə edib və deyib: Moskva beynəlxalq qətnamələr əsasında müstəqil Fələstin ölkəsinin təsis edilməsini istəyir.

Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas da bu görüşdə Putinin rolu və baxışlarını Rusiya - Fələstin əlaqələrinin möhkəmlənməsində təsirli və önəmli adlandırıb.

Mahmud Abbas daha sonra deyib: Bu il Rusiya və Fələstin arasında əlaqələrin qurulmasından 135 il ötür və Fələstin xalqı Rusiya ilə əlaqələrinə görə fəxr edir. Bu baxış Fələstin ilə Rusiya arasında əlaqələrin qurulduğu zamandan bəri mövcud olub və Fələstin xalqı daim Rusiyanı öz himayədarı olaraq görüb.

Mahmud Abbas Rusiyanın Fələstin məsələsi ilə bağlı qətiyyətli mövqeyə malik olduğunu deyərək, əlavə edib: Moskvanın mövqeyi 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin ölkəsinin yaradılması və Beytül-Müqəddəsin Fələstinin paytaxtı olaraq tanınmasıdır və Moskva daim bu mövqeyinə təkid edib.

Fələstin Özünüidarə Hökumətinin başçısı Putin ilə görüşdə həmçinin deyib: Moskvanın iştirakı olmadan Fələstin məsələsinin həlli qeyri-mümkündür. Rusiya 4 tərəfli beynəlxalq qrupun üzvüdür.

Fələstin 1989-cu ildən bəri Moskvada səfirliyə malikdir.

Teqlər