"Brexit"; Britaniyanın yeni başağrısı - REPORTAJ
İngiltərənin Avropa Birliyindən ayrılması üzrə “Brexit”lə bağlı müzakirələrin ilk günündə yaşanan gərginliyin sonunda Britaniya öz mövqeyindən geri çəkilməyə məcbur oldu.
“Brexit”lə bağlı müzakirələrin ilk günündə yaşanan gərginliyin sonunda Britaniya öz mövqeyindən geri çəkilməyə məcbur oldu. Avropa Birliyinin müzakirə heyətinin sədri Mişel Barniyenin dediyinə görə, Britaniyanın maliyyə öhdəliklərinin taleyi, Avropa Birliyi və Britaniya vətəndaşlarının vəziyyəti və İrlandiya ilə sərhəd məsələlərinə aydınlıq gətirilmədiyi zamana kimi Avropa Birliyi Britaniya ilə gələcək iqtisadi və ticarət əlaqələri barədə danışıqlar aparmayacaq. Britaniyanın maliyyə naziri Flip Hamond və Mərkəzi Bankının sədri Mark Karni birgə iclasda iştirak edərək, “Brexit”lə bağlı Britaniyanın iqtisadi tədbirlərindən danışıblar. Analitiklərin dediklərinə görə isə Britaniya “Brexit” üçün ən azı 100 milyard avro vəsait xərcləməli olacaq.
Bir araya gəlmişdilər ki, ayrılsınlar. Britaniyanın Avropa Birliyindən çıxması üzrə ilk rəsmi danışıqlar Belçikanın paytaxtı Brüsseldə baş tutdu. Amma, atılan ilk addım, tərəflərin “ayrılıq” ilə bağlı baxışlarının fərqli olmasına görə gərginlik ilə yanaşı oldu. Avropalılar hər şeydən öncə “Brexit”ə görə Britaniyanın nə qədər kompensasiya ödəməli olduğuna aydınlıq gətirilməsini istəyirlər. Avropalılar həmçinin bildirirlər ki, Britaniya borclarını ödəmək üçün zaman cədvəli hazırlamaqla yanaşı, vətəndaşların vəziyyəti və qonşu ölkələr ilə münasibətlər haqda da proqram təqdim etməlidir.
Mişel Barniye – AB-nin müzakirə heyətinin sədri:
Britaniyanın maliyyə öhdəlikləri, vətəndaşların vəziyyəti və İrlandiya ilə sərhəd məsələləri başlıca prioritetlərdir. Yalnız, bu məsələlər barədə anlaşdıqdan sonra, iqtisadi əlaqələr haqda danışacağıq. Britaniya “Brexit”lə bağlı öz istəklərini və nəzərdə tutduğu zaman cədvəlini Avropa Birliyinə qəbul etdirəcək durumda deyil. Birlikdən çıxmaq istəyən Avropa yox Britaniyadır. Buna görə də, öz qərarının mənfi nəticələrinə də qatlanmalıdır. Biz güzəştə getmək niyyətində də deyilik.
Analitiklərin dediyinə görə, Britaniya “Brexit”ə görə təqribən 100 milyard avro vəsait xərcləməlidir. Buna, Britaniyanın Avropa Birliyindən “boşanmaq” üçün təyin edilmiş “mehriyə” adını veriblər.
Maykl Foks – Almaniya parlamentinin üzvü:
Britaniyanın yerinə yetirməli olduğu müqavilələr var. Britaniyalılar Avropa Birliyindən çıxmaq istəyirlərsə, öz təkliflərini təqdim etməlidirlər. Amma, indiyə kimi bunu etməyiblər. Çıxmaq qərarı alındığı zaman onu yerinə yetirmək lazımdır. Bu müqavilələrin dəyəri 100 milyard avrodan çox olmuş olsa belə, Britaniya dövləti onları ödəməlidir. Bu məbləğ çox da təəccüblü deyil. Əslində bir çox Britaniya vətəndaşı Avropa ölkələrində işləyir ki, onların təqaüdlərini Britaniya dövləti ödəməlidir. Bu adi bir məsələdir.
Almaniya başda olmaqla Avropalılar bildirirlər ki, Britaniyanın söz oyunlarının toruna düşməyəcəklər.
Angela Merkel – Almaniya kansleri:
Avropa Birliyinin üzvləri bu məsələdə vahid mövqeyə malikdirlər. Heç şübhəsiz biz Britaniyanın fikirlərini dinləyirik, amma, təbii ki, öz maraqlarımızı izləyirik. Buna görə də, danışıqları ən yaxşı formada davam etdiririk. Və yaxşı bir anlaşmanın əldə edilməsini istəyirik.
İngilislər ilk öncə gələcək durumları barədə danışmaq və maliyyə öhdəliklərindən yan keçmək istəsələr də, Avropa Birliyinin qətiyyətli davranışı onları geri çəkilməyə məcbur etdi. Bir zamanlar Avropa Birliyi ilə bütün əlaqələri kəsmək istəyənlər, indi bunun ağır xərcləri ilə üzləşdikləri zaman, bəzi iqtisadi məsələlərdə AB ilə əməkdaşlıqların davam etdirilməsini istədiklərini deyirlər.
Tereza Mey – Britaniyanın baş naziri:
Biz Avropa Birliyindən çıxırıq. Amma, Avropadan ayrılmırıq. Biz Avropa Birliyi ilə dərin və möhkəm əlaqələrə malik olmaq üçün bir sıra işlər başlatmışıq. Biz inanırıq ki, bu Avropanın da xeyrinə olacaq.
Britaniyanın baş naziri Brüssel iclası ilə bir vaxtda Londonda İrlandiyanın baş nazirini qəbul etmişdi. İrlandiya Respublikası Avropa Birliyinə üzv yeganə ölkədir ki, Britaniya ilə quru sərhədlərinə malikdir. İki ölkə arasındakı sərhəd məsələlərinə habelə, Britaniyanın tərkibində olan Şimali İrlandiya ilə əlaqələrin vəziyyətinə aydınlığın gətirilməsi bu görüşdə əsas müzakirə mövzusu olmuşdu. Bəlkə də İngilislər Avropa Birliyindən ayrılmağa səs verdikləri zaman, ayrılığa gedən yolun bu qədər çətin olduğunu bilmirdilər.