Sen 24, 2025 11:18 Asia/Baku
  • Əkrəm Həsənov: Söhbət adi korrupsiyadan getmir!

SOCAR-ın məsul şəxsinin həbsi Azərbaycan Respublikasını silkələyir. Ekspertlər korrupsiyanın ölkədə sistematik hal aldığını bildirirlər.

İqtisadçı alim Əkrəm Həsənov bununla bağlı öz Facebook səhifəsində yazır: “Adnan Əhmədzadəyə qarşı ittihamlar doğrudursa, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin əməlinə bərabər çox ağır cinayətdir. Söhbət adi korrupsiyadan getmir. Onsuz da məmurların az qala 99%-i korrupsionerdir. Məsələ dövlətin iqtisadi təhlükəsizliyindən gedir. Əhmədzadənin əməli ölkəyə dollar axınının yeganə mənbəyi olan neft satışı biznesinə ağır zərbədir”.

O, hakimiyyətə belə bir sualla müraciət edib: “Görəsən Əhmədzadə ilə iş birliyində olmuş digər şəxslər də məsuliyyətə cəlb olunacaqmı? Onun işinə nəzarət etməli olanlar, o cümlədən SOCAR rəhbərliyi məsuliyyətə cəlb olunacaqmı? Olmayacaqsa, bizi vaxtaşırı belə cinayətlər gözləyir”.

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, qalmaqal SOCAR-a həm iqtisadi, həm də reputasiya baxımından ciddi zərbə vurub.

O xəbərdarlıq edib ki, Azərbaycanın qlobal enerji bazarlarında “sabit və etibarlı tərəfdaş” kimi çoxdankı imici sarsılıb.

“Əgər dövlət şirkətinə məxsus obyektlərdə belə bir hadisə baş veribsə, niyə laboratoriyalar bunu vaxtında aşkar edə bilməyiblər?” – deyə ekspert vurğulayıb.

Cəfərli qeyd edib ki, qalmaqal təkcə SOCAR-a deyil, həm də Azərbaycanın ümumi enerji reputasiyasına təhlükə yaradır. Rumıniya və İtaliyadakı neftayırma zavodları Azərbaycan neftinin qəbulunu müvəqqəti dayandırdı, Qazaxıstan isə Bakıdan neft tranzitini iki ay müddətinə dayandırdı ki, bu da zərərin qlobal miqyasını göstərir.

Beynəlxalq hesabatlara görə, məlum rüsvayçılıqdan sonra SOCAR 450 milyon dollardan 500 milyon dollara qədər zərər çəkə bilər.

Ayrı-ayrı media orqanlarında yer alan məlumatlarda habelə iddia edilir ki, A.Əhmədzadə "Azeri Light" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur.