Vaşinqton - Moskva münasibətlərində artan gərginlik
-
ABŞ-Rusiya münasibətlərində gərginlik
ABŞ hökumətinin Rusiya əleyhinə yeni sanksiyaları iki ölkə münasibətlərində gərginliyin artmasına səbəb olub.
Rusiyanın kəşfiyyat təyyarəsi Ağ Ev, Pentaqon və ABŞ Konqresinin binası üzərində. ABC telekanalı belə bir iddia irəli sürərək, Rusiyaya məxsus TU-154 təyyarəsinin Vaşinqtonda adı çəkilən binaların üzərində uçuş həyata keçirməklə yanaşı, Virciniyada Mərkəzi Kəşfiyyat İdarəsinin binası, Merilənd Ştatında Kəmp Deyvid bazası və Trampın hazırda qolf oynamaqla məşğul olduğu Nyu-Cersidəki klubunun üzərindən keçdiyini bildirib. ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməsinin ardınca Moskva xarici ticarət sahəsində dollardan asılılığın azaldılması məsələsini araşdırmaqla yanaşı, dolların beynəlxalq bank sistemi olan “Swift”in dövriyyəsindən çıxarılmasına da səy göstərəcəyini bildirib. ABŞ hökumətinin Rusiyanı bu ölkədə keçirilən son prezident seçkilərinin gedişinə müdaxilə etməkdə, Suriyada qanuni hökuməti dəstəkləməkdə və Amerikalı diplomatları qovmaqda ittiham edərək, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsinin ardınca Moskva-Vaşinqton əlaqələri xeyli gərginləşib.
Vaşinqton – Moskva münasibətlərində gərginlik yüksəlir. İki ölkə paytaxtlarından qarşılıqlı olaraq səsləndirilən mesajlar hər gün daha kəskin xarakter alır. İndi hər iki tərəf artıq sözdə deyil, əməldə də bir-birilərinə qarşı addımlar atmağa başlayıblar. Ötən həftə Tramp Rusiya əleyhinə sanksiyaların artırılması haqda qanun layihəsini imzaladı və vitse-prezidentini hərbçilər arasında çıxış edərək, Moskvaya qarşı hədə-qorxu gəlsin deyə Rusiyanın qulağının dibinə, Gürcüstana göndərdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nanort iki ölkə əlaqələri haqda deyir: “Rusiya ilə əlaqələr çox aşağı səviyyədədir. Və bu heç kimi təəccübləndirmir. Biz Rusiya ilə daha yaxşı əlaqələrimizin olmasını istəyirik. Amma, heç şübhəsiz bir çox şübhələrimiz də var. Rusiya bilməlidir ki, Amerika öz siyasi mövqeyini dəyişməyib.
Buna cavab olaraq isə Rusiya ABŞ-ın 755 diplomatını ölkədən qovdu. Putin isə Abxaziyaya gedərək, Gürcüstana göz dağı vermiş olub. Bunun ardınca bir neçə raket sınağı keçirən Rusiya xarici ticarətdə dollardan istifadəni azaltmaqla yanaşı, beynəlxalq bank sistemi olan “Swift”ə asılılığını azaltmaq barədə qərar qəbul etməyə hazırlaşır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə deyir: “Dar düşüncəli baxışlar və təhdidlər Rusiyanın öz mövqeyini dəyişməsinə səbəb olmayacaq.”
Amma, Avropalıların ABŞ-a mənfi reaksiyası və sanksiyaların elə ilk həftəsində amerikalıların 2 milyard dollarlıq zərərə uğraması bəzi ABŞ rəsmilərinin əl-ayağa düşməsinə səbəb olub. Onlar zərərin önünü kəsməyə çalışırlar. ABŞ dövlət katibi Rex Tillerson ASEAN-ın Filippində keçirilən iclası kənarında Rusiyalı həmkarı Lavrov ilə görüşərək, Vaşinqtondan Moskvaya açılan bütün qapıların bağlanmasını önləməyə çalışıb. ABŞ-ın seçdiyi yeni siyasət kursunun Vaşinqton – Moskva münasibətlərini hara sürükləyəcəyini isə zaman göstərəcək. Əlbəttə, Putin bu xüsusda heç də nikbin deyil.