Rusiya: Skripalı Britaniya xüsusi xidmət orqanları zəhərləyib
Rusiya Xarici İşlər Nazirliyi keçmiş rus casus Sergey Skripalın Britaniyanın xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi barədə məlumat yayıb.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, sabiq rus kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsi hadisəsi ilə bağlı Britaniyanın rəftarını tənqid edib və Londonun bu rəftarının Skripalın zəhərlənməsi hadisəsi arxasında Britaniyanın xüsusi xidmət orqanlarının olması təsəvvürünün yarandığını bildirib.
Bəyanatda həmçinin deyilir: Britaniyanın cənubunda yerləşən Salzberi şəhərinin yaxınlığındakı kimya laboratoriyasında kimyəvi silahlar istehsal edilib və Britaniya rəsmiləri bu məsələni gizlədiblər.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin bildirib: Britaniya hökuməti Skripalın ölümü ilə bağlı faktlara aydınlıq gətirməlidir.
Sergey Skripal və qızının Salzberi şəhərində zəhərlənməsi hadisəsi Rusiya ilə Qərb arasında gərginliyin artmasına səbəb olub.
Sergey Skripal və qızı 2018-ci ildə Britaniyanın Salzberi şəhərində zəhərləniblər. London Skripal və qızının kimyəvi silahların istehsalında istifadə edilən sinir qazı vasitəsi ilə zəhərləndiklərini deyir.
Britaniya bu hadisəyə görə Rusiyanı ittiham edir. Moskva isə ittihamları rədd edir.