May 18, 2020 11:56 Asia/Baku
  •  ABŞ-dan gözlənilməz addım

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı ardıcıl doqquzuncu həftədir azaldılır.

SəhərAzəri Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-da 1940-cı illərdən bəri ilk dəfədir qurğuların sayı minimum səviyyəyə enib.

Amerikanın neft sənayesi xidmətləri şirkəti “Baker Hughes”in məlumatlarına görə, ötən həftə onların sayı 339-a düşüb. Bir il əvvəl ölkədə 987 qazma qurğusu fəaliyyət göstərirdi.

O cümlədən, ötən həftə 34 neft qurğusu fəaliyyətini dayandırıb. Beləliklə qurğuların sayı 258-ə enib. Bu da 2009-cu ilin iyulundan bu yana ən aşağı səviyyə hesab olunur. Ötən il mayın ortalarında ABŞ-da 802 qazma qurğusu var idi.

Qurğuların sayı mart ayının ortalarında COVID-19 koronavirus pandemiyasının elan edilməsi, Səudiyyə Ərəbistanı və Rusiya arasında baş verən “qiymət müharibəsi” səbəbindən azalmağa başlayıb.

“Piper Sandler”in analitikləri, ABŞ-dakı qurğuların sayının 215-ə qədər azalacağını ehtimal edirlər.

Teqlər