Vladimir Putindən etiraf: "Quran" stolüstü kitablarımdan biridir
Rusiya prezidenti qeyd edib ki, müqəddəs mətnlərdə qonşudan, qardaşdan bəhs edildikdə, söhbət yalnız dindaşlardan deyil, ümumiyyətlə insandan gedir.
SəhərAzəri Sputnik-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşündə deyib. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, bütün dinlərdə insanların hamısı Uca Tanrı qarşısında bərabərdir və müqəddəs kitablarda qardaşdan bəhs edilərkən söhbət din yoldaşından deyil, ümumiyyətlə, insandan gedir.
"Bax burada, masamın üstündə, solumda dörd müqəddəs kitabın – İncil, Quran, Tövrat və Gəncurun olması heç də təsadüfi deyil. Bu kitabların hər birində qalıcı həqiqətlər var və onların arasında əsas şərtləndirici amil insana, qonşuya məhəbbətdir. Özü də irqindən, milliyyətindən və adət-ənənəsindən asılı olmayaraq. Bu müqəddəs mətnlərdə qonşudan, qardaşdan bəhs edildikdə, söhbət yalnız dindaşlardan deyil, ümumiyyətlə insandan gedir, çünki dünya dinlərinin hamısında bütün insanlar Uca Tanrı qarşısında bərabərdirlər", - deyə Putin qeyd edib.
Rusiya Prezidenti onu da vurğulayıb ki, dini liderlər ölkənin sabitliyinə, ekstremizm və terrorizmin qarşısının alınmasına mühüm töhfə verir və insanlar onların fikirlərini nəzərə alırlar.