Putin "Yeni Start" müqaviləsinin daha 5 il uzadılmasına dair fərman imzalayıb
Rusiya prezidenti Vladimir Putin cümə günü Rusiya ilə ABŞ arasında "Yeni Start" adı ilə tanınan Strateji Hücum Silahlarının azaldılması haqqında Müqavilənin uzadılması barədə fərman imzalayıb.
SəhərAzəri xəbər verir ki, Kreml sarayı bir bəyanat yayaraq, Putinin ABŞ-la Rusiya arasındakı "Yeni Start" müqaviləsinin daha beş il müddətinə uzadılmasına dair sənədləri imzaladığını bildirib.
Həm Duma, həm də Rusiya Federasiyası Şurası (Senat) Moskva ilə Vaşinqton arasında "Yeni Start" müqaviləsinin uzadılması barədə razılığa gəliblər.
ABŞ-ın yeni rəhbərliyinin məlum müqavilənin uzadılmasına dair razılığından sonra Putin bununla bağlı Rusiya Dumasına bir qanun layihəsi təqdim edib.
"Yeni Start" müqaviləsi strateji nüvə silahlarına nəzarət sahəsində hələ də qüvvədə olan sonuncu mühüm müqavilədir.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bundan əvvəl bildirmişdi ki, Vaşinqton təkcə müəyyən şərtlər altında bu müqavilənin yenilənməsi ilə razılaşa bilər.
Müqavilənin müddəti 2021-ci ilin fevralında sona çatır.
Qeyd edək ki, 2010-cu ildə Rusiya ilə ABŞ arasında əldə edilən "Yeni Start" Sazişinə əsasən, iki ölkə 700 qitələrarası ballistik raketlər və bombardmançı təyyarələr üzərinə quraşdırılmış strateji nüvə başlıqlarını min 550 ədədə qədər ixtisar etməyə dair razılığa gəliblər.