İlon Maskın sərvəti bir həftədə 11,5 mlrd. dollar artıb
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb.
SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, Nəşrin hesablamalarına görə, iş adamının sərvəti 184,3 milyard dollara çatıb. “Tesla”nın səhmləri bu həftə 7,4% bahalaşıb. Cümə günü ABŞ-da keçirilən ticarət sessiyasında qiymətli kağızların dəyəri 852,23 dollar təşkil edib.
“Bloomberg” agentliyi İ.Maskın aktivlərinin ümumi dəyərini 203 milyard dollar qiymətləndirir. Maskın sərvətinin il ərzində artmasının əsas səbəbi “Tesla”nın kapitallaşmasındakı artım olub. 2020-ci ilin əvvəlində bu rəqəm 100 milyard dollardan az idi, ancaq hazırda 800 milyard dolları keçib.
“Forbes” nəşrinin qənaətinə görə, Mask həftə ərzində ən çox qazanc əldə edən dünyanın 10 ən varlı insanları siyahısında birincidir. Bu müddətdə onun qazancı 74 milyard dollar olub. Bu siyahıda ikinci yerdə Çin onlayn ticarət platforması “Pinduoduo”nun təsisçisi Kolin Çjen Xuan qərarlaşıb. Hesabat dövründə onun platformasının populyarlığı artıb və iş adamına 10,7 milyard dollar qazanc gətirib.
Siyahıda hazırda “Alphabet” holdinqinin bir hissəsi olan ABŞ-ın “Google” korporasiyasının yaradıcıları Sergey Brin və Larri Peyc də var. Brin 10,4 milyard dollar, Peyc isə 10 milyard dollar qazanıb.
“Forbes”in hesablamalarına görə, “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 7,7 milyard dollar artaraq 194,7 milyard dollara yüksəlib. Şirkətin həftə ərzində səhmlərinin qiyməti 4,6% artıb. Cümə günü ABŞ-da keçirilən ticarət sessiyası nəticəsində “Amazon”un qiymətli kağızlarının dəyəri 3352,15 dollar təşkil edib.