Avq 04, 2021 13:50 Asia/Baku
  • Pentaqonun binası qarşısında atışma olub; Bir polis zabiti öldürülüb

Pentaqonun binası qarşısında atışma olub; Bir polis zabiti öldürülüb

SəhərAzəri-nin məlumatına əsasən, bu atışma çərşənbə axşamı yerli vaxtla səhər saatlarında və ABŞ-ın Müdafiə Nazirliyinin qərargahı olan Pentaqonun girişi yaxınlığında baş verib və nəticədə bina müvəqqəti olaraq, bağlanmalı olub və nazirlik təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Pentaqonun Mühafizəsi Agentliyi bu xəbəri təsdiqləyərək, və insanlardan, məsələ ilə bağlı növbəti məlumat verilənə qədər bu ərazidən uzaq durmalarını xahiş edib. Hazırda, binanın bütün giriş və çıxışları qapadılıb və mövzunun aydınlaşdırılması üçün araşdırma aparılır.

Hadisə yerində olan Arlinqtonun Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə nəticəsində bir neçə nəfərin yaralandığını təsdiqləyiblər. Hücum nəticəsində ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.

Deyilənlərə görə, atəş açan şəxs ABŞ Müdafiə Nazirliyinin mühafizə xidmətinin əməkdaşı tərəfindən cavab atəşilə zərərsizləşdirilib.Pentaqon Müdafiə Qüvvələrinin Mühafizəsi Agentliyi Twitter səhifəsində hadisənin Pentaqonun Tranzit Mərkəzinin bir hissəsi olan avtobus dayancağında baş verdiyini bildirib. Dayanacaq Virciniya ştatının Arlinqton Mahalında, Pentaqon binasından bir neçə addımlıq məsafədə yerləşir.

Atışma zamanı ABŞ-ın müdafiə naziri Lloyd Austin və Baş Qərargah rəisi Mark Milli Ağ Evdə Baydenlə görüşdə olublar.

Bu hücumu səbəbkarı və ya səbəbkarlarının motivi hələlik məlum deyil. Binanın yaxınlığında olan Associated Press agentliyinin müxbiri çox sayda atəş səsləri eşitdiyini, kiçik fasilədən sonra azı daha bir atəş səsinin gəldiyini deyib.

Vəziyyətin nəzarət altında olduğu deyilsə də, Pentaqonun Mühafizəsi Agentliyi insanlardan mümkün qədər bu ərazidə hərəkət etməkdən çəkinmələrini istəyib.

Pentaqonun sözçüsü Con Kirbi bir bəyanatda bildirib ki, nə Lloyd Austin, nə də Baş Qərargah rəisi hadisə zamanı Pentaqonda olmayıblar və Ağ Evdə Co Baydenlə həftəlik görüşdə iştirak edirmişlər.  Kirbi, həmçinin hücumun təfərrüatlarının Pentaqon səlahiyyətlilərinə və müdafiə nazirinə çatdırıldığını və hücumla əlaqədar son inkişaflar haqqında mütəmadi olaraq, onlara məlumat verildiyini açıqlayıb.

Pentaqonun rəsmilərindən biri Pentaqonun mühafizə xidmətinin əməkdaşlarından birinin atəş açmada rolunun olduğunu bildirib. Amma bu şəxsin kim olduğu və hücumda hansı silahdan istifadə edildiyi hələlik bəlli deyil.

Teqlər