Rusiyalı nazir başqasını xilas edərkən ölüb
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev nazirlik tərəfindən keçirilən təlim zamanı həlak olub.
SəhərAzəri-nin verdiyi məlumata görə,Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, 55 yaşlı nazir Norilskdə Arktika zonasında fövqəladə hallardan qorumaq üçün idarələrarası təlimlərdə iştirak edərkən, ölüm təhlükəsi ilə qarşılaşmış şəxsi xilas edərkən həlak olub.
Məlumata görə, Ziniçev Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussla birlikdə yeni yanğınsöndürmə hissəsinin inşası ilə maraqlanmaq üçün Dudinsk şəhərinə yollanıb. Nazirlə birlikdə su hövzəsinin kənarında dayanan operatorun ayağı sürüşüb və suya yıxılıb. Onu xilas etmək üçün suya tullanan Ziniçevin də başı daşa dəyib və nazir yerindəcə keçinib. Operatorun da öldüyü bildirilir.
Xatırladaq ki, Ziniçev 2018-ci il 18 may tarixindən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsində çalışırdı.