Apr 17, 2022 05:31 Asia/Baku

Rusiya hərbçiləri Mariupol şəhərini ələ keçirərək oranı Ukrayna qoşunlarından təmizləyib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub ki, Mariupolun şəhərinin bütün ərazisi Ukrayna hərbçilərindən təmizlənib və qoşunların qalan hissəsi "Azovstal" adlanan sənaye rayonunda mühasirədə bloklanıb, bildirilib ki, Ukrayna ordusunun, Milli Qvardiyanın və muzdluların itkiləri 23 367 nəfər təşkil edir. Təkcə Mariupolda Ukrayna ordusunun 4 min hərbçi itirdiyi vurğulanıb.

Bu xəbərə reaksiya olaraq Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, əgər Rusiya ordusu Mariupolu müdafiə edən Ukrayna hərbçilərini öldürərsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq və bütün danışıqlara son qoyulacaq. Çünki rəsmi Kiyev insanları alver predmetinə çevirmir.

Ukrayna Baş Qərargahı da Mariupoldakı vəziyyətlə bağlı məlumat yayıb.

Deyilir ki, 810 və 155-ci əlahiddə dəniz piyadaları briqadalarının bölmələri Mariupola desant hücumuna hazırlaşır.

Bu arada Rusiyanın hava hücumundan müdafiə sistemləri həmçinin Odessa yaxınlığında böyük partiya Qərb hərbi texnikası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu haqda deyib: “Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Ukraynaya məxsus Qərb ölkələrinin tədarük etdiyi silahların böyük partiyasını çatdıran hərbi nəqliyyat təyyarəsini havada vurub. Bundan əlavə, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub”.

Rusiya MN-nin digər bir məlumatında isə iddia olunur ki, müharibə başlayandan indiyə qədər Ukrayna ordusu Milli Qvardiya və muzdlular da daxil olmaqla 23367 nəfər itirib.

Teqlər