Qırğızıstan-Tacikistan sərhəddində vəziyyət gərgin olaraq qalır
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin mətbuat mərkəzinin sözçüsü bildirib ki, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Oş vilayətinin Çon-Alay rayonunda və Batken vilayətində yerləşən hissəsində vəziyyət gərgin olaraq qalır.
SəhərAzəri-nin RİA Novostiyə istinadən verdiyi məlumata görə Mərkəzin sözçüsü bildirib ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin Qırğızıstan-Tacikistan dövlət sərhədində yerləşən bölmələri gücləndirilmiş iş rejimində xidmət göstərir.
“Ölkə rəhbərliyi vəziyyəti sabitləşdirmək, münaqişələri gərginləşdirmək və təhrik etmək cəhdlərinin qarşısını almaq və yaranan problemlərin sülh yolu ilə həlli üçün bütün tədbirləri görür”, - İdarədən bildirilib.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.
Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Atışma yalnız axşama yaxın dayanıb.
Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və xilasetmə işləri departamentinin rəhbəri Bolot Şarşanəliyev “TASS”a bildirib ki, ümumilikdə, Batken və Oş vilayətlərinin bir sıra yaşayış məntəqələrinin sakinləri nəzərə alınmaqla, 142 minə yaxın insan təxliyə edilib.
Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şohin Səmədi isə bu gün bildirib ki,Qırğızıstan hərbçilərinin ağır hərbi texnikadan istifadə etməklə Tacikistan ərazisini atəşə tutması nəticəsində azı Tacikistanın 38 vətəndaşı, o cümlədən iki hərbçi həlak olub, 20-dən çox yerli sakin yaralanıb.