Sen 19, 2022 12:32 Asia/Baku
  • Tacikistan və Qırğızıstan yolları açırlar

Tacikistan və Qırğız Respublikası arasında son münaqişə zamanı bağlanmış yolların açılmasına dair razılıq əldə olunub.

SəhərAzəri-nin  TASS-a istinadən verdiyi məlumata görə, bu barədə tərəflər arasında sərhəddə atəşkəsə nəzarət üzrə yaranmış birgə işçi qrupunun görüşündən sonra bildirilib.

Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzoda sentyabrın 19-da keçirdiyi mətbuat konfransında deyib ki, işçi qrup nəqliyyatın və piyadaların hərəkətinin təmin edilməsi üçün yolların açılmasının vacibliyinə dair razılığa gəliblər.

Məlumata görə, tərəflər atəşkəs rejiminə riayət olunmasının və sərhədyanı münaqişənin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sentyabrın 16-da Qırğız Respublikasının Batken vilayətinin sədri Abdukərim Alibayev və Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzodanın başçılığı altında işçi qrup yaradılıb.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb və hər iki tərəfdən insan ölümü, xəsarətlərlə nəticələnib. Tərəflər bir-birini silahlı təcavüzdə ittiham edirlər.

Hər iki ölkənin Fövqəladə Hallar nazirlikləri münaqişə zonasından 136 mindən çox insanın təxliyə olunduğunu açıqlayıb.

Hazırda Qırğızıstan və Tacikistan atəşkəs və silahlı qüvvələrin çıxarılması ilə bağlı razılaşmalara əməl edir.

 

Xatırladaq ki, son münaqişə nəticəsində Qırğızıstanın 59, Tacikistanın isə 35 nəfərin öldüyü barədə xəbər yayılıb.

Teqlər