Çin Ticarət Nazirliyi
"ABŞ məsuliyyətsiz təzyiqləri dayandırmalıdır”
Çin hakimiyyəti ABŞ-ın İrana görə bəzi Çin şirkətləri və vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edir. Bu barədə bazar ertəsi Çin Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.
SəhərAzəri-nin məlumatına əsasən, "Birləşmiş Ştatlar İranla qarşılıqlı əlaqələri bəhanə edərək, Çinin bəzi müəssisə və vətəndaşlarını xüsusi siyahıya daxil edib, onlara qarşı sanksiyalar tətbiq edib. Çin buna qəti etirazını bildirir", - Çinin Ticarət Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Vaşinqtonun bu məhdudiyyətlərin tətbiqi üçün hüquqi əsasları yoxdur.
"ABŞ məsuliyyətsiz təzyiqləri dayandırmalıdır. Çin lazımi tədbirləri görəcək, biz Çin müəssisələrinin və vətəndaşlarının qanuni maraqlarını qətiyyətlə qoruyacağıq", - deyə nazirliyin bəyanatında bildirilib.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi 7 fiziki şəxs və 6 şirkəti, o cümlədən Çindən olan şirkətləri İrana qarşı sanksiyalar siyahısına daxil edib. Vaşinqtonun məhdudiyyətlərinə məruz qalan şəxslərin siyahısına Çin vətəndaşları və elektronika müəssisələri daxildir.