Sen 12, 2023 16:06 Asia/Baku
  • “Dedollarizasiya prosesi qlobal bir tendensiyadır”

Dedollarizasiya prosesi qlobal bir tendensiyadır. Bu sözləri çinli ekspert YU Miaojie Şərq İqtisadi Forumunda çıxışında deyib.

“ABŞ-ın dünya ÜDM-dəki payı azalmaqdadır, digər ölkələrin payı isə artır. Misal olaraq, Çinin dünya iqtisadiyyatındakı payı 18,5 faizə çatıb. Əlbəttə ki, Çin yuanı və digər ölkələrin pul vahidləri mərhələli şəkildə beynəlxalq pul vahidinə çevriləcək. Çin yuanı getdikcə daha çox ölkə tərəfindən istifadə edilir”, - deyə ekspert bildirib.

 

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də cari il mayın 27-də bildirmişdi ki, Dollardan asılı olan dövlətlər bu gün artıq alternativ axtarmalıdırlar. O ABŞ-ın dövlət borcunun digər xalqları və ölkələri aldatmaq üçün qurulmuş qlobal maliyyə piramidası olduğunu demişdi:

"Əsrin ən böyük maliyyə fırıldağı. ABŞ defoltun astanasındadır. Ştatlar digər dövlətlərin hesabına yaşayır. Borclara müstəqil şəkildə xidmət göstərmək imkanı azalır", – deyə siyasətçi özünün "Telegram" kanalında yazmışdı.

Bundan əlavə ABŞ-ın dollardan digər müstəqil ölkələrə qarşı təzyiq vasitəsi kimi faydalanması da bu pul vahidindən imtina etməyə meyli artırır.

Bu istiqamətdə ötən il Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Türkiyə və Rusiyanın dolların iki ölkə arasındakı maliyyə sövdələşmələrindən götürülməsi üzrə səylərindən xəbər vermişdi.

Türkiyə prezidenti bildirmişdi ki, Ankara və Moskvadan olan heyətlər maliyyə mübadilələri üzrə ödənişlər üçün Türkiyə və Rusiyanın milli valyutalarından istifadə istiqamətində müzakirə aparmaqdadırlar.

Bir çox dünya ölkəsi və Ərəbistan da daxil olmaqla ABŞ-ın bəzi müttəfiqləri də öz maliyyə mübadilələrində dolların inhisarına son qoymaq üzrə hərəkətə başlayıblar.

Ərəbistan da neft sövdələşmələrində dolların əvəzinə yuan almaq barədə Çinlə danışıqlara başlayıb.

İran Mərkəzi Bankının baş direktoru Əli Salehabadi də ötən il İran və Rusiya arasında milli valyutalarla ticarət əməliyyatları üçün münasib zəminin yarandığını və dolların iki ölkənin iqtisadi mübadilələrindən tədricən çıxarılacağını bildirmişdi.

Teqlər