İŞİD terrorçuları İraqda xalq qüvvələrinin mühasirəsinə düşüblər
May 29, 2015 11:00 Asia/Baku
-
İŞİD terrorçuları İraqda xalq qüvvələrinin mühasirəsinə düşüblər
İraqın könüllü xalq qüvvələri ölkənin şimalında, Səlahəddin vilayətində İŞİD terrorçularını geniş bir ərazidə mühasirəyə alıblar.
Beynəlxalq Səhər Kanalının Süməriyyə informasiya agentliyinə istinadla bildirir ki, İraqın xalq qüvvələrinin müharibə təbliğatı bölməsi dünən bir bəyanat yayaraq, bildirib ki, İraqın xalq qüvvələri Səlahəddin vilayətində 40 kilometrlik bir ərazidə İŞİD terrorçularını mühasirəyə alıblar. İŞİD terrorçuları Səlahəddin vilayətinin terrorçulardan azad edilməsi üzrə 2-ci geniş əməliyyat zamanı mühasirəyə düşüblər.İraqın xalq qüvvələrinin müharibə təbliğatı bölməsinin bəyanatında həmçinin deyyilir: İŞİD terrorçularının Dəcil məntəqəsindəki mühasirəsi davam edir və mühasirə nəticəsində terrorçuların müdafiə strukturları artıq iflas etməkdədir.
İraqda xalq qüvvələrinin müharibə təbliğatı bölməsi Səlahəddin vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatının davam etdiyini də vurğulayıb.
İraqın Neynəva vilayətindən daxil olan məlumata görə, Mosulun azad edilməsi əməliyyatının davamında 227 İŞİD terrorçusu məhv edilib.
Digər tərəfdən İraqın Əl-Ənbar vilayətinin azad edilməsi əməliyyatına koomandanlıq edən Qasım Məhəmmədi deyib: Ordu qüvvələri, xalq qüvvələri və qəbilə döyüşçüləri "Ləbbeyk Ya İraq!" şüarı altında başladılmış əməliyyat çərçivəsində əl-Kilu 18 məntəqəsinin cənub istiqamətinə doğru irəliləyərək, Rəmadi şəhərinin qərb girəcəyinə yaxınlaşıblar.
Qasım Məhəmmədi əlavə edib: İraqlı qüvvələr Rəmadi şəhərini qərb və cənub istiqamətlərindən mühasirəyə alaraq, İŞİD terrorçularının bu məntəqədən çıxış yollarını bağlayıblar.
Əl-Ənbar vilayət şurası da cümə axşamı bildirib ki, əl-Ənbar vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatı geniş bir əməliyyat olacaq və əməliyyatın məkanı və zamanı ilə bağlı qərarlar yalnız əməliyyat komandanları tərəfindən qəbul olunacaq.
Çərşənbə axşamı günündən əl-Ənbar vilayətinin azad edilməsi üçün ordu, könüllü xalq qüvvələri və qəbilə döyüşçülərinin iştirakı ilə geniş bir əməliyyat başlanıb.