May 30, 2015 18:18 Asia/Baku
  • Amanonun yeni hesabatı; təkrar iddialar və İranın agentlik ilə əməkdaşlığını təsdiq edən faktlar
    Amanonun yeni hesabatı; təkrar iddialar və İranın agentlik ilə əməkdaşlığını təsdiq edən faktlar

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amano cümə günü, günortadan sonra İranın nüvə fəaliyyətləri ilə bağlı ən son hesabatını hakimlər şurasının üzvlərinə təqdim edib. Amano bu hesabatında İran İslam Respublikasının agentlik ilə əməkdaşlıqlarına işarə edərək, bildirib ki, İranın elan olunmuş nüvə fəaliyyətlərində heç bir yayınma halının olmadığını təsdiq edir.

Amanonun hesabatı təsdiq edir ki, İran Cenevrə anlaşması adı ilə tanınan müştərək addım proqramı, habelə İran ilə AEBA arasında 2013-cü ildə imzalanan müştərək bəyanatla bağlı üzərinə düşən öhdəliklərə əməl edib və İranın bütün nüvə fəaliyyətləri tam nəzarət altında olub və heç bir yayınma halı qeydə alınmayıb.
İranın agentliyin şübhələri və suallarına cavabları barədə də AEBA-nın baş direktoru deyib: İki tərəf arasında 7 mərhələdə həyata keçirilən qarşılıqlı əməkdaşlıqlar zamanı İran bütün lazımi və təkmilləşdirici informasiyaları təqdim edib və yaxşı əməkdaşlığa malik olub.
AEBA-nın baş direktoru öz hesabatında həmçinin 27 aprel 2015-ci il tarixində Nyu-Yorkda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşünə işarə edib və deyib: Bu görüş nüvə məsələsinin mümkün olduqca qısa zamanda həll edilməsi, habelə müştərək addım proqramı əsasında İranın nüvə fəaliyyətlərinə nəzarət və yerdə qalan məsələlər barədə idi.
Bütün bunlara rəğmən, Amano öz hesabatının başqa bir hissəsində həll olunmamış məsələlərə aydınlığın gətirilməsi, habelə İran tərəfindən əlavə protokolun icra edilməsi və İranın nüvə proqramının ehtimal olunan hərbi cəhətləri barədə anlaşılmaz iddialar irəli sürüb və ikili mövqedən çıxış edərək, bəzi şübhələr və qaranlıq məqamlar doğurub. Bundan başqa Amano hesabatının davamında əlavə protokolun İran tərəfindən icra olunmamasına işarə edib. Halbuki, əlavə protokol ümumiyyətlə hələ ki, İran tərəfindən qəbul olunmayıb. Və Tehran bildirib ki, BMT Təhlükəsizlik Şurasının əlavə protokolların qəbul edilməsinin zəruri olması ilə bağlı qətnaməsi qeyri-qanunidir. Amanonun hesabatında davamlı olaraq təkrarlanan və şübhə doğuran məqamlardan biri də İranın nüvə fəaliyyətlərinin ehtimal edilən hərbi cəhətləri barədə yer alan fikirlərdir ki, şübhə oyatmağa xidmət edir. Amano öz hesabatında agentliyin İranın elan olunmuş nüvə fəaliyyətləri ilə bağlı, habelə elan olunmuş nüvə təsisatlarında yoxlamalarını davam etdirəcəyinə təkid edərək, iddia edib ki, AEBA İranın elan olunmamış fəaliyyətləri ilə bağlı tam qətiyyətlə fikir bildirə biləcək durumda deyil. Buna görə də bütün nüvə maddələrinin sırf dinc məqsədlər üçün istifadə edilməsindən əminlik əldə edə bilmir.
Amanonun hesabatı bir tərəfdən, İranın AEBA ilə davamlı əməkdaşlığını və nüvə fəaliyyətlərində yayınma halının olmadığını təsdiq edir. Digər tərəfdən isə şübhə oyadaraq, öncəki iddiaları təkrarlayır. Bu ikili rəftar hər şeydən daha çox AEBA-nın etibarına xələl gətirir və onun baş katibinin hesabatlarının əhəmiyyətini azaltmış olur. Amanonun yeni hesabatı və onun İranın nüvə fəaliyyətinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı iddiaları keçmiş ittihamların əsassız şəkildə təkrarlanmasıdır ki, bu da hesabatın öz dəyərini itirməsinə səbəb olur.

Teqlər