Türkiyənin iki hərbçisi həlak olub
Sen 26, 2015 20:19 Asia/Baku
-
Türkiyənin iki hərbçisi həlak olub
Türkiyənin Şırnak vilayətinin Beytuş-Şəbab şəhərində Türkiyə dövlət qüvvələri ilə Kürdüstan Fəhlə Partiyası PKK üzvləri arasında baş verən toqquşmada iki türk hərbçisi həlak olub.
Səhər Beynəlxalq Televiziyasının Türkiyənin Sabah internet portalına istinadla verdiyi məlumata görə, PKK üzvləri Beytüş-Şabab polis mərkəzi, jandarma komandanlığı, eləcə də Ayvalık və Taşarası bölgələrinin jandarma mərkəzlərinə hücum ediblər. Türkiyə hərbçiləri ilə PKK-çılar arasında baş verən toqquşmada iki türk hərbçisi həlak olub, ən azı 18 nəfər də yaralanıb.Bu xəbər portalının yazdığına görə, PKK üzvləri Beytüş-Şababda hadisə yaralılarını xəstəxanaya aparan təcili yardım maşınının sürücüsünü də öldürüblər.
Türkiyə hərbi helikopterləri bölgədə PKK-nın mövqelərini atəşə tutublar. Nəticədə 34 PKK üzvü ölüb.
Digər tərəfdən Bingöl vilayətində PKK-ya qarşı keçirilən əməliyyatda 10 PKK-çı ölüb.
PKK üzvləri ilə Türkiyənin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada Türkiyə polisinin 3 əməkdaşı yaralanıb.
Türkiyə dövlət qüvvələri ilə PKK üzvləri arasında başlanan yeni qarşıdurma nəticəsində ötən iki ayda 100-dən çox türk hərbçisi və polisi həlak olub.
Türkiyə dövlət rəsmilərinin dediyinə görə, qeyd olunan müddətdə 1100-dən çox PKK-çı öldürülmüşdür.