Dek 12, 2015 09:40 Asia/Baku
  • Nyu-Yorkda müsəlmanlara qarşı hücumların sayı artıb
    Nyu-Yorkda müsəlmanlara qarşı hücumların sayı artıb

ABŞ vətəndaşları dünyada baş verən hadisələr fonunda müsəlmanların ünvanına tez-tez aqressiv çıxışlar etməyə başlayıblar.

Xarici medialar xəbər verirlər ki, son bir neçə gün ərzində polis bir neçə hadisə qeydə alıb, bu hadisələrdən bəzilərində fiziki güc də tətbiq edilib.

New York Daily News-un məlumatına görə, Nyu-Yorkda Herald meydanında restorana gələn bir nəfər müsəlmanların əleyhinə çıxışlar edib, restoranın gəlmə ofisiantlarını müsəlman hesab edərək, onları təhqir etməyə başlayıb.

İşçilərdən biri onu sakitləşdirməyə çalışarkən, adam onun sol yanağına zərbə vuraraq, təhqir etməyə davam edib.

Özündən çıxan müştərini tezliklə restorandan çıxarıblar, o isə geri qayıdaraq stulu götürüb restorana tərəf atıb. Polis Murrino soyadlı adamı nifrət zəminində xuliqanlıqda və nifrət zəminində hücumda ittiham edib.

Digər bir hadisə isə ictimai nəqliyyat dayanacağında olub. Naməlum kişi avtobus gözləyən 21 yaşlı qıza yaxınlaşaraq, onu təhqir etməyə başlayıb və hətta ona əl qaldırıb. Belə ki, o, qızı ayağından vuraraq, hadisə yerindən qaçıb.

Qızın tibbi yardıma ehtiyacı olmayıb, amma hadisə barədə polisə bildirilib və araşdırmaya başlanılıb.

Bundan başqa, şəhərdə müsəlmanların ünvanına təhqirlər olan yazılar da peyda olub.

Nəşrin məlumatına görə, metropoliten işçisi vaqonların birində “Müsəlmanları yandırın...!” yazısını aşkar edib.

Teqlər