Türkiyə İncirlik hərbi bazasını Rusiya aviasiyasına açmağa hazırlaşır
-
Türkiyə İncirlik hərbi bazasını Rusiya aviasiyasına açmağa hazırlaşır
Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” telekanalına müsahibəsində deyib.
M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün detallarından danışaraq ikitərəfli əlaqələr və regional problemlərin müzakirəsi baxımından görüşün çox faydalı olduğunu bildirib.
M. Çavuşoğlu iyulun sonu, avqustun əvvəlində iki ölkə prezidentinin görüşəcəyini də söyləyib: “Digər nazirlərlə birlikdə bu görüşə hazırlıq görəcəyik. İqtisadiyyatla bağlı addımlar atılacaq və qərarlar qəbul olunacaq. Enerji sahəsində və digər sahələrlə əlaqədar müvafiq nazirlər bir araya gələcək”.
Türkiyənin İncirlik hərbi hava bazası eyni zamanda NATO-nun istifadəsində olan hərbi bazalardan biridir. Burada hazırda Türkiyə ilə yanaşı, ABŞ, Britaniya və Almaniyanın hərbi təyyarələri yerləşdirilib.