Yunanıstanda polis və fermerlər arasında insident baş verib
Yunanıstan polisinin paytaxt Afinada fermerlərə qarşı güc tətbiq etməsi etiraz aksiyasının qarşıdurma ilə nəticələnməsinə səbəb olub.
Röyters-in verdiyi məlumata görə, narazı fermerlər paytaxt Afinada bir araya gəliblər. Amma, polisin müdaxiləsi tərəflər arasında qarşıdurmaya səbəb olub.
Yunanıstanlı fermerlər çərşənbə axşamı Kert adasından Afinaya gələrək, Kənd Təsərrüfatı Nazirliyinin binası önündə aksiya keçiriblər. Lakin, onları dağılışmağa məcbur etmək istəyən polisin müdaxiləsi qarşıdurmaya səbəb olub.
Gərginlik dövlət rəsmilərinin fermerlər ilə görüşmək və onların şikayətlərini dinləməkdən imtina etmələrinin ardınca artıb.
Son günlər Yunanıstanda dövlətin iqtisadi siyasətləri əleyhinə etirazlar xeyli artıb.
Yunanıstan dövlətinin Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasından ibarət "Troyka" ilə müzakirələri davam edir. Müzakirələr Yunanıstanın aldığı borcların ödəniş qaydaları ilə bağlıdır.
Beynəlxalq Valyuta Fondu Avro Zonaya təzyiq göstərərək, Yunanıstanın borcları ilə bağlı qaydalara düzəliş etməsini istəyir. Beynəlxalq Valyuta Fondu Yunanıstanın bəzi borclarını bağışlamaq, qısa müddətli borclarını isə uzun müddətli borclara çevirmək istəyir.