Maduro ABŞ-ın neft sanksiyalarına reaksiya verdi
Venesuela prezidenti deyib: ABŞ-ın Venesuela əleyhinə ehtimal olunan sanksiyaları bu ölkənin neft sənayesinə zərbə vura bilməyəcək.
Röytersin məlumatına görə, Nikolas Maduro bildirib: ABŞ dövlət katibi Reks Tillerson Latın Amerikaya səfər edərək vaxtını əbəs yerə xərclədi.
Bundan öncə Tillerson Argentinada bir mətbuat konfransında rəsmi Karakasa təzyiq göstərmək üçün Venesuela xam neftinin idxalı və ABŞ-da istehsal olunan neft məhsullarının Venesuelaya göndərilməsinin məhdudlaşdırılması ilə bağlı araşdırmaların aparıldığını bildirmişdi.
Bu arada Venesuela prezidenti xatırladıb: OPEK-ə üzv bütün ölkələr və başqa ölkələrə rəsmi təklif verəcək. Belə ki, neftə əsasən birgə kripto valyuta mexanizmi olsun.
Venesuela ABŞ-a xam neft ixrac edən üçüncü böyük ölkə hesab olunur. Venesuela hökuməti bu ölkədəki son iqtisadi və sosial böhranı ABŞ-ın məkrli planı hesab edir və bildirir ki, Latın Amerikasında sosializmə son qoymaq üçün ABŞ-ın bu məkrli planı ilə mübarizə aparmaqdadır.