Moqerini Suriyanın ərazi bütövlüyünün qorunmasına təkid etdi
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini AB-nin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və deyib: Türkiyə öz təhlükəsizliyini Suriyadakı hərbi əməliyyatlar hesabına möhkəmləndirə bilməz.
Rusiya Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini çərşənbə axşamı Strasburqda, Avropa Parlamentində etdiyi çıxışında deyib: Suriya məsələsini yeni cəbhənin açılması ilə həll etmək olmaz. Çünki, həqiqi təhlükəsizlik siyasi həll yoluna malikdir və müzakirə ilə əldə olunur.
"Savaş sülhü əlçatmaz etməməlidir" deyən Moqerini bütün diqqətin sadəcə BMT tərəfindən terrorçu elan edilmiş qruplar əleyhinə yönəldilməli olduğuna təkid edib və bu məsələdə xüsusilə Türkiyənin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
Türkiyə 20 yanvar 2018-ci il tarixindən etibarən Suriyanın şimalında terrorçu qruplara qarşı "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb.
Amerikanın Suriyanın şimalında terrorçu qruplaşmaları silahlandırması və onlardan istifadə edərək, Türkiyə sərhədlərinə yaxın ərazilərdə 30 min nəfərlik ordu yaratmaq istəməsi Türkiyənin bu məsələyə ciddi reaksiya verməsi ilə nəticələnib.