Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlıq proqramından çıxdı
-
Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlıq proqramından çıxdı
Ukrayna hökuməti bildirib ki, Rusiya ilə bu ölkə arasında 2011-2020 iqtisadi əməkdaşlıq proqramından vaz keçib.
Röytersin verdiyi məlumata görə, Ukrayna hökuməti dünən bir bəyanatda bildirib ki, bu qərar Rusiyanın Ukraynaya qarşı azad ticarət razılaşmasının icrasının dayandırılması kimi məhdudiyyətlərinə cavab olaraq həyata keçmişdir.
Ukrayna və Rusiya iqtisadi əməkdaşlıqlar proqramı 2011-ci ildə imzalanıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın yol xəritəsi hesab olunurdu. Bu proqramda bir neçə bölgə xüsusiylə enerji, aeronavtika və kosmonavtika, gəmiqayırma və kənd təsərrüfatı sahələrində ticarət əməkdaşlıqlarının prioritetləri kimi müəyyənləşdirilmişdi.
Ukrayna 2016-ci ildə Avropa Birliyinin azad ticarət zonasına qoşulub və bu təşəbbüs Ukrayna ilə Rusiya əlaqələrində çaxnaşmalara səbəb olmuşdur. Bununla belə, Rusiya 2017-ci ildə Ukrayna ilə 11 milyard 100 milyon dollar dəyərində ticarət mübadiləsi ilə bu ölkənin ən əsas ticarət ortağı olmuşdur.