Trampdan ziddiyyətli açıqlama: Kim Çen İn ilə görüşlə bağlı danışıqlarda irəliləyiş var
Cümə axşamı Şimali Koreyanın rəhbəri Kim Çen İn ilə görüşünü ləğv edən ABŞ prezidenti Donald Tramp indi də bu görüşlə bağlı aparılan danışıqların çox yaxşı müstəvidə irəliləməsindən xəbər verib.
Asoşeyted Press-in verdiyi məlumata görə, Donald Tramp şənbə günü jurnalistlərə deyib: Şimali Koreyanın rəhbəri ilə görüş məsələsində çox yaxşı irəliləyişlərimiz var və hal hazırda bu ölkə rəsmiləri ilə danışıqlar cərəyan edir.
Tramp bu fikirləri Şimali Koreyanın rəhbəri Kim Çen İnə görüşün ləğv edilməsilə bağlı məktub göndərməsindən cəmi 3 gün sonra səsləndirib.
ABŞ prezidenti Kim Çen İnə olan məktubunda indiki zamanda görüşmələrinin düzgün və ağıllı bir hərəkət olmadığını, buna görə də bu görüşün baş tutmasını istəmədiyini yazmışdı.
Tramp şənbə günü də fərqli bir açıqlamada ABŞ rəsmilərinin hələ də 12 iyunda Sinqapurda iki ölkə başçısı arasında görüşün baş tutmasına səy göstərmələrindən xəbər vermişdi.
ABŞ prezidenti həmçinin, Şimali və Cənubi Koreya başçıları arasındakı görüşün çox uğurla davam etdiyini deyib.