Yunanıstan Türkiyə ilə qarşılaşmada NATO-nu yardıma çağırır
Yunan mediaları elan ediblər ki, rəsmi Afina Türkiyə qarşısında Şimali Atlantika Alyansı NATO-dan yardım istəmək niyyətindədir
SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, yunan mediaları xatırladıblar: "Afina bu gün rəsmi şəkildə NATO-nu Aralıq dənizində Ankaranın potensial təhdidləri qarşısında Afinanı qorumaq məqsədilə bir sıra addımlar atmağa çağıracaq".
Bundan əvvəl xəbər mənbələri NATO-nun Yunanıstan ilə Türkiyə arasında mübahisələri həll etmək üçün vasitəçilik etməsini təklif etdiyini, Afinanın isə NATO-nun vasitəçilik təklifinə qarşı çıxdığını bildiriblər.
Son həftələrdə Şərqi Aralıq dənizində Türkiyənın axtarış-kəşfiyyat əməliyyatları ilə əlaqədar, bu ölkə ilə Yunanıstan arasında gərgilnliklər kəskinləşibdir.
Yunanıstan ilə yanaşı bəzi Avropa ölkələri Türkiyənin hərəkətlərini qanunsuz və təhrikedici hesab edirlər və Ankaraya onların fəsadları barədə xəbərdarlıq ediblər. Lakin Türkiyə Aralıq dənizi, Qara dəniz və Egey dənizində yalnız öz hüquqlarını müdafiə etdiyini söyləyib.
Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində neft və qaz resursları ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
Son həftələrdə Aralıq dənizinin şərqində neft və qaz resursları ilə əlaqədar Yunanıstan ilə Türkiyə arasında yaranan gərginliklər və Türkiyənin Yunanıstanın sahilləri yaxınlığında axtarışlara başlaması iki ölkəni hərbi qarşıdurmanın astanasına sürükləyib.