Yan 12, 2021 09:11 Asia/Baku
  • İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

İndoneziyada dalğıclar qəzaya uğrayan təyyarənin “qara qutu”larının axtarış rayonunu kiçildiblər.

SəhərAzəri xəbər verir, yanvarın 11-də İndoneziya Nəqliyyatda Təhlükəsizliyin Təmin Olunması Komitəsinin rəhbəri Soercanto Tacahono bildirib ki, İndoneziyada dalğıclar qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin “qara qutu”larının axtarış rayonunu kiçiltməyə nail olublar.

Komitə rəhbəri bildirib: "Biz “qara qutu”ların yerləşdiyi üçbucaq şəklində olan axtarış rayonunu xeyli kiçiltməyə nail olmuşuq. Ümid edirəm, sabah biz onları tapmağa və sahilə çıxarmağa nail olacağıq".

Soercanto Tacahono, həmçinin bildirib ki, axtarış əməliyyatlarının davam etdiyi əraziyə yanvarın 12-də dərinlikdə akustik axtarış qurğusuna malik olan gəmi gələcək. Bu, “qara qutular”ın axtarışını sürətləndirməyə imkan yaradacaq.

Bununla yanaşı, İndoneziya hərbi-dəniz qüvvələrinin qərargah rəisi admiral Yudo Marqano həmin qurğuların təyyarənin böyük parçaları altında qalması səbəbindən axtarışların uzana biləcəyini etiraf edib. Admiral, həmçinin bildirib ki, dənizdəki axınlar təyyarənin parçalarını hərəkət etdirdiyinə görə 90 nəfərdən ibarət dalğıclar qrupu “qara qutular”ı tapmaqda çətinlik çəkir.

Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Təyyarə Cakartadan Kalimantan adasında yerləşən Pontianak şəhərinə uçurmuş. Təqribən 3 kilometr hündürlüyə qalxan təyyarə gözlənilmədən bir dəqiqə ərzində dəniz səviyyəsinə düşüb və radarlardan itib.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. Yayılan məlumata görə, onların hamısı həlak olub.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Teqlər