Sen 09, 2021 10:36 Asia/Baku
  • Hərəkat Əfqanıstanda ümumi seçkilərin keçiriləcəyini vəd etdi

Taliban təşkil edilən hökumətin müvəqqəti olduğunu və seçkilərin keçiriləcəyini bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Taliban hərəkatı təşkil edilən hökumətin müvəqqəti olduğunu, seçkilərin keçiriləcəyi və hökumətdə qadınlara yer veriləcəyi vədini verib.

Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid Əlcəzirə telekanalına müsahibəsində ölkədə seçkilərin keçiriləcəyini və bütün əfqanların iştirak edəcəyini bildirib.

Mücahid Talibanın yeni hökumətə hərəkatın xaricindən bacarıqlı Əfqan simalarını cəlb etməyə çalışdığını iddia edib.

Taliban sözçüsü deyib: "Bu müvəqqəti bir hökumətdir və qadınların şəriət qanunlarına uyğun olaraq vəzifələri və postları olacaq. Bu, ilk mərhələdir, qadınların aktivliyi və varlığı üçün zəmin yaradırıq, onlar hökumətə daxil ola bilərlər. Bu ikinci mərhələdə olacaq.”

Dünya ictimaiyyəti Talibanı ittiham edir ki, ölkədə "inklüziv hökumət" quracağına dair vədinə əməl etməmişdir.

Qeyd edək ki, İran İslam Respublikası da daxil olmaqla dünyanın aparıcı dövlətləri Əfqanıstanda yeni hökumətin sırf talibançılardan təşkil olunmasından məyusluqlarını ifadə etmişlər. Xüsusilə də hökumətdə adları terrorizmdə ittiham olunan dörd nazir təmsil olunur.

Onlardan biri Molla Siracəddin Həqqanidir ki, Daxili İşlər Nazirliyi bu şəxsə tapşırılıb. Həqqani terrorçuluqda ittiham olunaraq ABŞ tərəfindən axtarışdadır və həbsi üçün beş milyon dollar mükafat təyin edilib. Dünən ABŞ Federal Təhqiqat Bürosu mükafatın məbləğini 10 milyon dollara artırıbdır.

Taliban bütün tənqidləri qulaqardına vuraraq dünya ictimaiyyətini inandırmağa çalışır ki, elan edilmiş hökumət müvəqqətidir və daha ciddi addımlar atılacaq. Hələlik Çin, Səudiyyə Ərəbistanı, Pakistan və Qətər Talibanın hökumətinə qismən müsbət yanaşıblar.

Bununla belə müşahidəçilərin fikrincə, Taliban elan etdiyi hökumətlə dünya dövlətləri tərəfindən tanınmayacağından narahatdır. Hazırda dünya dövlətlərini nigaran edən əsas məsələlərdən biri Talibanın müxaliflərə o cümlədən də qadınlara güc tətbiq etməsi və qadınların ictimai fəaliyyətini məhdudlaşdırmasıdır. Yeni qərarla qadınlar və qızların idmanla məşğul olması haram elan edilərək yasaqlanıbdır. 

Teqlər