Çin Taliban hökumətini tanımağa hazırlaşır
Çin səfiri Talibanın hökumət qurmasını təbrik etdi-TƏHLİL
Çin Talibanla bazarlıq istiqamətində növbəti addımını atdı.
SəhərAzəri-nin məlumatına əsasən, Taliban sözçüsü Twitter-də məlumat verib ki, Çinin Əfqanıstandakı səfiri, Taliban üzvlərini yeni bir hökumətin qurulması münasibətilə təbrik edib və bildirib ki, Çin Əfqanıstanla humanitar, iqtisadi və siyasi əməkdaşlığı və əlaqələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcək.
Bu məlumata əsasən, Çin səfiri ölkəsinin Əfqanıstanda sülhün bərpası üçün töhfəsini verməyə və bu ölkəyə sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün hər cür kömək göstərməyə hazır olduğunu bildirib.
Maraqılıdır Çinin Talibanla rəsmi əlaqəsi Əfqanıstanda Talibanın insan haqlarını və xalqın azadlıqlarını pozması, eyni zamanda yeni rejimin əhatəli hökumət quracağına dair vədlərini yerinə yetirməməsi fonunda baş verir.
Çinin Xarici İşlər Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, Talibanla əlaqələrin qurulmasından yalnız Əfqanıstanda tolerant bir hökumət qurulduqdan sonra danışmaq mümkün olacaqdır. Ona görə də Çin səfirinin Taliban tərəfindən qurulmuş hökuməti tələsik təbrik etməsi müəyyən suallar yaratmışdır.
Əksər müşahidəçilər bu qənaətdədirlər ki, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi bölgədə yeni bir reallığa səbəb olub. Taliban və Çin nümayəndələri hələ keçən ilin iyul ayında görüşmüşdülər. Bu görüşdən sonra isə “Taliban” hər hansı bir qüvvənin Əfqanıstandan Çinə zərərli addımlar atmasına icazə verməyəcəyini bəyan edib. Bundan əlavə, Çin gələcəkdə yenidənqurma və iqtisadi inkişafda daha böyük rol oynayaraq Əfqanıstanda sülh və barışıq prosesinə daha çox cəlb olunacağına ümid edir.
Hazırda ABŞ prezidenti Co Baydenin Əfqanıstandan çəkilmə qərarını tənqid edənlər bunun Çinin ölkəyə iqtisadi və siyasi təsirini artıracağını iddia edirlər. Üstəlik, ABŞ qüvvələrinin geri çəkilməsinin Əfqanıstanda bir boşluq yaratdığını və Çinin həm Mərkəzi, həm də Cənubi Asiyada regional mövqeyini möhkəmləndirmək üçün ABŞ-ı əvəz etmək və ölkədəki mineral ehtiyatları çıxarmaq imkanı olacağını iddia edirlər. Hər şeydən əvvəl, Əfqanıstandakı yeni vəziyyətin Çin şirkətləri üçün, xüsusilə də nadir mineral ehtiyatlarına sərmayə qoyması üçün yeni imkanlar yaratdığını düşünürlər.
Müşahidəçilər bildirirlər ki, Əfqanıstanın “Bir Kəmər Bir Yol” təşəbbüsünə inteqrasiyası ilə bağlı bu cür investisiyalar və layihələr Talibanın Çindən asılılığını artıracaq və Çində və ya Mərkəzi Asiyada radikal qrupları dəstəkləməsinin qarşısını alacaq.