Rusiya Ukrayna ərazisində seçki keçirir
Separatçılar Rusiya seçkilərində iştirak edirlər-ŞƏRH
Rusiyada dünəndən başlayaraq 3 gün ərzində parlamentə - Dövlət Dumasına seçkilərə start verilib və Ukraynadakı separatçıların da bu seçkilərdə iştirakı təmin edilib.
SəhərAzəri-nin məlumatına əsasən, parlament seçkisində Ukraynanın tərkib hissəsi olan Donbass sakinləri də iştirak edirlər.
Qeyd edək ki, Moskva Donbass sakinlərinə Rusiya pasportları paylayıb və onlar bu pasportlarla Dövlət Dumasına seçkilərdə namizədlərə səs verirlər. Donbassda seçki məntəqələri yaradılmasa da, sakinlər onlayn səsvermədə iştrak edə bilərlər.
Ukrayna ərazisi sayılan və hazırda Rusiyanın işğalında qalan Krımda isə ayrıca seçki məntəqəsi yaradılıb. Rusiya Krımı 2014-cü ildə ilhaqından sonra yarımada sakinləri Rusiyanın 4-cü seçkisində iştirak edirlər. Krım sakinləri bundan əvvəl bir dəfə 2016-cı ildə Rusiya parlament seçkisində, 2018-ci ildə prezident seçkisində iştirak ediblər, 2020-ci ildə Rusiya Konstitussiyasına dəyişikliklərə səs veriblər.
Ukrayna parlamenti – Ali Rada sentyabrın 8-də Krım və Donbasda keçiriləcək seçkilərə artıq etirazını bildirib. Ukraynalı deputatlar bununla bağlı BMT, NATO, Avropa Parlamenti və dünya dövlətlərinin parlamentlərinə müraciət ediblər.
Onlar bildiriblər ki, Rusiya beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə yenə hörmətsizliyini ortaya qoyub. Kreml bir tərəfdən sözdə Donbass böhranının həlli məqsədilə Minsk formatının davamını tələb edir, digər tərəfdən əməldə Donbasda qanunsuz seçki keçirməklə faktiki bu bölgənin də Krım kimi işğalını rəsmiləşdirir.
Azərbaycanlı ekspertlər isə xəbərdarlıq edirlər ki, Rusiya gələcəkdə Qarabağda da analoji üsula əl atacaqdır. Belə ki, Ukrayna və Gürcüstanda separatçılara pasport payladığı kimi Qarabağda da erməni separatçılarına Rusiya pasportunu paylamaqla bu qeyri-qanuni əməlini bir presedentə çevirə bilər.