Moskva Gürcüstan və Ukraynanın NATO-ya üzv olmaq planını ləğv etməkdə israrlıdır
Rusiya Şimali Atlantik Alyansı NATO-nu Gürcüstan və Ukraynaya üzvlük vermək üçün 2008-ci ildə qəbul edilmiş bəyannaməni rəsmi olaraq, ləğv etməyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Xarici İşlər Nazirliyi NATO-nun şərqə doğru və Rusiya sərhədləri boyunca genişlənməsini dayandıracağına dair Moskvaya zəmanət vermənin Qərbin maraqlarına uyğun olacağını vurğulayıb.
Rəsmi Moskva həmçinin NATO-nu Rusiya sərhədi yaxınlığında hərbi təlimləri dayandırmağa çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Birləşmiş Ştatlar Ukrayna və Gürcüstanın NATO-ya qəbulu ilə bağlı qərarı rəsmən ləğv etməlidir.
Rusiya prezidenti Vladimir Putin də çərşənbə günü axşam deyib ki, Rusiya Ukrayna böhranı ilə bağlı amerikalı həmkarı Co Baydenlə danışıqları davam etdirmək üçün bir həftə ərzində Vaşinqtona ideyalar göndərəcək.
Rusiya prezidenti əlavə edib: "Ukraynanın NATO-ya daxil olması perspektivindən narahat olmaya bilmərik, çünki heç şübhəsiz bizi təhdid edən hərbi qüvvələrin, bazaların və silahların yerləşdirilməsi ilə nəticələnəcək".
Bir neçə həftədir ki, ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri dolayı açıqlamalar və medialarda anonim mənbələr vasitəsilə verilən məlumatlarla Rusiyanı Ukraynaya hücum hazırlamaqda ittiham edir.
Rusiya dəfələrlə bəyan edib ki, Ukrayna ilə sərhəddə hərbi mövcudluğu normal hərbi hərəkətdir, lakin ABŞ və müttəfiqləri hələ də Rusiya-Ukrayna sərhədində vəziyyəti gərgin olaraq, göstərməkdə davam edirlər.
Rusiyaya qarşı bu ittihamlar elə bir halda irəli sürülür ki, Ukrayna bu ilin əvvəlində ABŞ-dan yüksək miqdarda hərbi sursat və "Cavelin" raketləri alıb və bu ölkə hərbçiləri də Türkiyə istehsalı olan minaatanlar və qırıcı PUA-larına malik olduqlarını deyirlər.