Fev 08, 2022 16:42 Asia/Baku
  • Havyer Kolomina
    Havyer Kolomina

Azərbaycan Respublikasının erməni hərbçilərindən bir qrupunu qaytarması ABŞ və NATO tərəfindən alqışlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun yaydığı açıqlamada bildirilir: “Bütün saxlanılan hərbçilərin qaytarılması üçün işlər görülür. Eyni zamanda, hər iki müharibədə itkin düşmüş vətəndaşlar haqqında işlərin görülməsi regionda sülhü davamlı edəcək”, - deyə məlumatda deyilir.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina da Azərbaycanın 8 erməni hərbçini azad etməsini alqışlayıb.

NATO rəsmisi deyib: “NATO həm Ermənistanla, həm də Azərbaycanla tərəfdaşlığını davam etdirir və onlar arasında münasibətlərin normallaşmasını dəstəkləyir ki, bu da regionda sabitliyə və çiçəklənməyə kömək edəcək".

Sərgilənən mövqelərdən aydın olur ki, Qərb Cənubi Qafqazda daha çox ermənilərin mövqeyini müdafiə edir və mina xəritələrinin dəqiq variantının Azərbaycana təhvil verilməsinə, eləcə də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yüzlərlə Azərbaycan vətəndaşının taleyinin müəyyən edilməsinə biganə yanaşır. Digər tərəfdən ikinci Qarabağ müharibəsinin nəticəsi Qərb dövlətlərini qane etməyib və onlar vaxtaşırı Qarabağ ermənilərinə yeni statusun verilməsində israrlıdırlar. Bu isə rəsmi Bakının etirazına səbəb olur.

Qeyd edək ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində hücumlarının qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

 

 

 

Teqlər