Fev 16, 2022 08:42 Asia/Baku
  • Putun: “30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək”

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında NATO-nun genişlənməsini sərt şəkildə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Putin deyib: “30 ildir bizə deyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq və bu gün biz NATO infrastrukturunu öz evimizdə görürük”.

Hərbi qarşıdurma məsələsinə gəlincə, o, ölkəsinin müharibə istəmədiyini iddia edib. “Müharibə istəyirikmi? Əlbəttə, yox. Ona görə də biz danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamının, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, - deyə Putin bildirib.

Almaniya Kansleri Olaf Şolts isə Rusiyanın qondarma “Luqansk və Donetsk Xalq Respublikaları"nı tanıya biləcəyi barədə xəbərdarlıq edib.

Belə bir addımı siyasi fəlakət və Minsk razılaşmasının pozulması kimi səciyyələndirən kansler qeyd edib ki, Ukrayna böhranının həlli üçün diplomatik imkanlar hələ tükənməyib.

Rusiya lideri isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması ilə bağlı Dövlət Dumasının müraciətindən məlumatlı olduğunu dilə gətirib.

Rusiya prezidenti deputatların Donbas sakinlərinin kədərini bölüşən seçicilərə qarşı həssas olduğunu söyləyib: “Dövlət Dumasının deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi, öz seçicilərinin rəyini rəhbər tuturlar. Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbas sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir”.

Teqlər