Ukrayna dünya siyasətinin birnömrəli məsələsi olaraq qalmaqdadır
Qərb ilə Rusiya soyuq və isti müharibənin bir addımlığında
Qərb ilə Rusiya arasında qarşılıqlı ittihamlar səngimək bilmir.
SəhərAzəri-nin məlumatına əsasən, Qərbdə hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə planı əvvəlcədən hazırlanmış ssenari üzrə işə düşüb və gözlənildiyi kimi, proses Donbassda vəziyyətin süni şəkildə, separatçılar tərəfindən gərginləşdirilməsi ilə başlayıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu haqda Rusiyanın Ukrayna sərhədlərinə “uğurlu işğal” üçün lazım olan qüvvə və vasitələrin birləşməsini yerləşdirdiyini bildirib. O, belə bir perspektivi “blef” hesab etmədiyini açıqlayıb.
Dövlət katibi isə mətbuata müsahibəsində Rusiyanın Ukraynaya qarşı aqressiv addımlar atacağı təqdirdə ABŞ-ın ona cavab verməyə hazır olduğunu bəyan edib.
"Vəziyyəti həll etmək üçün diplomatik yol tapmaq şansı olarsa, bunu etməkdə qərarlıyıq, lakin Rusiya təcavüz edərsə, cavab verməli olacağıq", - Blinken bildirib.
ABŞ dövlət katibi Rusiya ilə Ukrayna arasında müharibənin fəlakət olacağına da diqqət çəkib.
İngiltərənin baş naziri Boris Conson isə BBC-yə açıqlamasında xəbərdarlıq edib ki, Ukrayna ətrafındakı vəziyyət Avropada 1945-ci ildən bəri ən böyük müharibəyə səbəb ola bilər.
Onun sözlərinə görə, indi rus qoşunlarının Ukraynanı işğal etməsi ehtimalı yüksəkdir.
Bu arada Rusiya da növbəti dəfə NATO-nun hərəkətlərini sərt şəkildə tənqid edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib: “Qərb ölkələri NATO-nun şərqə doğru genişləndirməmək vədini pozduqdan sonra Rusiyanı ancaq dəmir, təhlükəsizlik zəmanətləri qane edə bilər.”
Diplomatın fikrincə, Qərb liderlərinin bu cür vədləri pozması səhv idi.