Avropa təlaş içində boğulur
Fransa və Almaniya Ukrayna müharibəsindən nəticə çıxarırlar
ABŞ-ın Ukrayna məsələsi ilə əlaqədar avantürist siyasəti Avropa dövlətlərini təlaşa salıb.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa prezidenti Emmanuel Makron bildirib ki, onun ölkəsi yüksək intensivlikli müharibəyə hazır olmalıdır.
Onun sözlərinə görə, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr qarşısında çevik olmalıdır.
Fransa lideri həmçinin silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, polis və jandarma qüvvələrinin sayının iki dəfə artırıldığını açıqlayıb.
Makron bununla yanaşı, seçki kampaniyası zamanı Fransanın 2025-ci il müdafiə büdcəsinin 50 milyard avro olacağını bildirib. Hazırda bu rəqəm 40 milyard avrodan çoxdur.
Bu arada Almaniya kansleri Olaf Şolts bəyan edib ki, rəsmi Berlin Rusiya və rus xalqı ilə sülh istəyir, lakin gələcək münasibətlərin təməli prezident Vladimir Putinsiz Rusiyadır.
Şoltz əlavə edib: “Biz bütün şəraitdə bir səhvdən qaçacağıq - Putini Rusiya ilə bərabərləşdirmək. Ukraynaya hücum etmək üçün ölümcül qərarı verən Rusiya xalqı deyildi. Bu müharibə Putinin müharibəsidir. Ukrayna sülh istəyir. Biz Rusiya və rus xalqı ilə sülh istəyirik. Bu tərif vacibdir, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ruslarla almanlar arasında barışığı riskə atmamaq vacibdir. Ölkəmizdə Ukrayna və Rusiya əsilli həmvətənlərimizlə aramızda səngər qazmamaq vacibdir”.
Xatırladaq ki, Birləşmiş Ştatların imperialist siyasəti bir tərəfdən Ukraynanın hücuma məruz qalmasına gətirib çıxarmışdır, başqa tərəfdən isə avropalıları enerji, iqtisadi və təhlükəsizlik məsələlərində riskə atmışdır. Bunu bəzi ekspertlər Ukrayna ilə yanaşı bütün Avropanın tələyə salınması kimi xarakterizə edirlər. Hazırki vəziyyət isə birbaşa amerikan silahqayırma şirkətlərinin maraqlarını təmin edir və onlar Ukrayna müharibəsinin uzanmasında, onun hətta yaşıl qitəyə yayılmasında maraqlı görünürlər.