Avropa tərəfindən Rusiyaya qarşı geniş diplomatik müharibə
Almaniya və Fransa rus diplomatlarını qovur - TƏHLİL
Qərb və Rusiya arasındakı qarşıdurmanın əhatə dairəsi genişlənərək, Rusiyaya qarşı diplomatik müharibə müstəvisinə keçir.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniyanın xarici işlər naziri Annalena Burbok öz açıqlamasında 40 rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edərək, ölkəsinin Ukraynaya dəstəyini artıracağını bildirib.
Fransa Xarici İşlər Nazirliyi də Parisin bir çox rus diplomatını ölkədən çıxarmaq qərarına gəldiyini, onların hərəkətlərinin Fransanın milli təhlükəsizlik maraqlarına zidd olduğunu bildirib. Fransa təxminən 35 rusiyalı diplomatı ölkədən çıxaracağını bildirir.
Bundan əvvəl Belçika 21 rusiyalı diplomatdan ölkəni tərk etməsini tələb etmişdi. Hollandiya, Çexiya, İrlandiya, Litva, Estoniya və Latviya da onlarla rusiyalı diplomatın ölkədən çıxarıldığını elan ediblər.
Rusiya diplomatlarının kütləvi şəkildə Avropa ölkələrindən çıxarılması Rusiyanın Ukraynaya hücumu ilə əlaqədardır. Aİ ölkələri və ABŞ ötən həftələrdə Rusiyaya qarşı geniş sanksiyalar tətbiq ediblər. Moskvaya qarşı təzyiqlər, eləcə də rus diplomatlarının Avropa ölkələrində fəaliyyətinin azaldılması onların əsas missiyasını təşkil edir. Eyni zamanda avropalılar hesab edirlər ki, bu hərəkət Rusiyanın Avropada və beynəlxalq arenada artan təcridinə gətirib çıxaracaqdır.
Faktlar onu deməyə əsas verir ki, Rusiya ilə Qərb arasında qarşıdurma yaxın gələcəkdə daha da güclənəcək və bir çox sahələri əhatə edəcəkdir. Əgər indiyə qədər Avropa ölkələrinin Rusiya qazının ixracına ehtiyacı olduğuna görə Rusiyaya qaz embarqosu tətbiq etməkdən imtina etmişdilərsə, indi Litva, Latviya və Estoniya kimi bəzi ölkələr Rusiyadan qaz idxalını dayandırdıqda, Rusiyanın enerji embarqosu ehtimalının reallığa çevrilməsi ciddiləşir. Bu arada, indi Buça hadisəsini bəhanə edən və rus hərbçilərini onun sakinlərini öldürməkdə ittiham edən Avropa liderləri Moskvaya təzyiqləri gücləndirməkdə daha qətiyyətli görünürlər. Bununla bağlı Fransa prezidenti Emmanuel Makron Rusiya neftini və daş kömürünü boykot etməyə çağırıb.
Avropa ölkələrinin Rusiya ilə diplomatik kampaniyada birgə səylərinə baxmayaraq, Avropa İttifaqı Moskva ilə siyasi və diplomatik kanalları bağlamaq fikrində deyil. Əslində, Aİ rəsmiləri yaxşı başa düşürlər ki, Rusiya ilə diplomatik kanalların bağlanması daha çox anlaşılmazlıqlara və gərginliyin artmasına səbəb olacaqdır.