Apr 10, 2022 11:52 Asia/Baku
  • Rusiya artıq Donbasa qarşı hücuma başlayıb

Rusiya qoşunlarının Donbasda hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir.

SəhərAzəri xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi ölkənin şərqindəki döyüşlər barədə məlumat yayıb. 

Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışır.

Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.

Bu arada Rusiya Müdafiə Nazirliyi iki Ka-52 Alligator hücum helikopteri tərəfindən Ukrayna qoşunlarının zirehli texnika karvanının məhv edilməsinin görüntülərini dərc edib.

Videoda 80 mm kalibrli idarə olunmayan S-8 raketlərinin helikopterdən asılmış buraxılış qurğularına yüklənməsi əks olunub.

Daha sonra aşağı hündürlükdə uçan iki Ka-52-nin Ukrayna konvoyuna raketlər atdığını göstərilir.

Digər bir məlumata görə isə, Rusiya hava hücumundan müdafiə sistemləri Donbasda biri Bayraktar da daxil olmaqla daha üç Ukrayna pilotsuz uçuş aparatını vurduğunu iddia edir. 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu barədə deyib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın üç pilotsuz uçuş aparatını havada vurub: ikisi Mariupol və Kalininskoye qəsəbələri ərazisində, digəri Bayraktar TB-2” Xarkov vilayətində.

Teqlər