Apr 11, 2022 11:24 Asia/Baku
  • Almaniyada Rusiya qazından imtina barədə xəbərdarlıq

Bosch” şirkətinin rəhbəri Stefan Hartunq bildirib ki, Rusiya qazından imtina istehsalın dayanmasına gətirib çıxaracaq və Almaniyanın iqtisadi gücünü məhv etmək təhlükəsi yaradacaq.

SəhərAzəri-nin məlumatına əsasən, “Bosch” rəhbəri qeyd edib ki, Almaniyanın Rusiya qazından imtina etməsi “Bosch” fabriklərində istehsalın dayanmasına gətirib çıxaracaq və Almaniyanın iqtisadi gücünü məhv etmək təhlükəsi yaradacaq.

“Şirkət enerji ehtiyacının 20 faizini qaz hesabına ödəyir. Berlinin Rusiyanın enerji resurslarından imtina etməsi tədarük zəncirini pozacaq”, - Hartunq əlavə edib.

Aprelin 7-də Avropa Parlamenti Rusiyanın enerji mənbələrindən tamamilə imtina etməyə çağıran qətnamə qəbul edib. Deputatların fikrincə, Aİ enerji təhlükəsizliyi üçün aydın strategiya təqdim etməlidir.

Köln Almaniya iqtisadiyyatı institutunun direktoru Mixael Hüter düşünür ki, birdən-birə Rusiya qazından imtina ölkədə istehsalatın xeyli hissəsinin dayanmasına gətirib çıxaracaq.

“Bu, haradasa iki il yarımlıq bir müddətdə əsas sahələrdə istehsalın dayandırılması deməkdir”, - deyə o, Welt am Sonntag qəzetinə bildirib.

Alman ekspertin fikrincə, istehsalat bir il və ya daha çox müddətə dayanarsa, sonradan subsidiya və müavinatlar hesabına vəziyyəti düzəltmək mümkün olmur.

Xatırladaq ki, mart ayında Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşü zamanı “dost olmayan ölkələrə” qaz nəqli üçün ödənişlərin rubla keçdiyini bəyan edib. Bu qərardan sonra bir sıra Avropa ölkələri Rusiyadan rublla qaz almaqdan imtina ediblər.

Teqlər