Ukrayna əleyhinə müharibə şiddətlə davam edir
Rusiya aviasiyası Ukraynanın hərbi obyektlərinə 49 zərbə endirib
Raket zərbələri ilə Ukrayna silahlı qüvvələrinin bir komanda məntəqəsi, “Toçka-U” atəş qurğusu və 40 silahlısı məhv edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyi Ukraynada vəziyyət barədə son məlumatını təqdim edib. Burada qeyd olunur ki, raket zərbələri ilə Ukrayna silahlı qüvvələrinin bir komanda məntəqəsi, “Toçka-U” atəş qurğusu və 40 silahlısı məhv edilib. Dnepropetrovsk vilayətində isə Ukraynaya məxsus Su təyyarəsi vurulub. Rusiya aviasiyasının 42 hərbi obyektə zərbələr endirdiyi bildirilir.
Bu arada Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov iddia edib ki, son sutka ərzində Rusiya aviasiyası 78 hərbi obyektə zərbələr endirib.
Vurulan hərbi obyektlər arasında üç komanda məntəqəsi, işıqlandırma və istiqamətləndirmə üçün radar, yaxınmənzilli zenit-raket kompleksləri üçün üç mövqe, dörd sursat anbarı, həmçinin 58 istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var.
Konaşenkov bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 441 pilotsuz uçuş aparatını, 239 reaktiv yaylım atəş sistemini və 2079 tank və zirehli texnikasını məhv edib.
Konaşenkov bildirib ki, Rusiya Silahlı Qüvvələri Donbassda 9 tankı, 5 "Akasiya" özüyeriyən top qurğusunu, 5 "Qrad" reaktiv yaylım atəş sistemini və 60-dan çox millətçini yüksək dəqiqlikli silah zərbəsi ilə məhv edib.
Bu arada BMT-nin hesablamalarına görə, Ukraynada müharibə zamanı 1,8 mindən çox mülki şəxs həlak olub.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir ki, ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır.