Ukraynada müharibənin 48-ci günüdür
Kiyev döyüşlərlə bağlı son məlumatını yayıb
Ukrayna hökuməti iddia edir ki, bu ölkənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölmələri gün ərzində Rusiyaya məxsus 7 aviaobyekti məhv edib.
SəhərAzəri-nin məlumatına əsasən, düşmənin bir təyyarəsi, iki helikopteri və dörd pilotsuz uçuş aparatı vurulub.
Ukraynanın Baş Qərargahı müharibə başlayandan bəri Rusiyanın 157 təyyarəsinin məhv edildiyini deyir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından həmçinin Rusiyanın 19 600-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. 3 gün sonra isə Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb.