May 31, 2022 11:53 Asia/Baku
  • Almaniyada inflyasiya maksimum səviyyəyə çatıb

Almaniyada may ayında gözlənilmədən bütün zamanların ən yüksək səviyyəsinə çatan inflyasiya, qiymət indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz yüksəlməsinə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Federal Statistika İdarəsinin ilkin ilkin məlumatlarına görə, may ayında Almaniyada inflyasiya səviyyəsi 7,9 faizə çatıb. İlkin rəqəmlər istehlak qiymətləri indeksinə əsaslanıb və 2021-ci ilin may ayının qiymətləri ilə müqayisə edilib.

Beləliklə, may ayı inflyasiyası bu ilin aprelində onsuz da rekord qıran göstəricidən təxminən onda bir artıb.

Almaniyada belə bir İnflyasiya səviyyəsi sonuncu dəfə 1973/1974-cü ilin qışında ilk neft böhranı nəticəsində enerji qiymətlərinin kəskin şəkildə artdığı vaxt qeydə alınıb.

Statistika agentliyi Ukraynadakı müharibəni və enerji qiymətlərinin artmasının rekord inflyasiyanın arxasında olduğunu qeyd edib. Ötən ilin eyni dövrü ilə müqayisədə enerji qiymətləri 38,3 faiz, ərzaq məhsulları isə 11,1 faiz artıb.

"Ukraynada müharibə başlayandan bəri xüsusən də enerji qiymətləri xeyli artıb və bu, inflyasiyanın yüksək tempinə əhəmiyyətli dərəcədə təsir edib", - Destatis-in bəyanatında deyilir.

Bundan əlavə, qiymətlərə təsir göstərən digər amil Covid-19 pandemiyasının səbəb olduğu tədarük zəncirlərindəki fasilələrdir.

Dünyanın əksər yerlərində olduğu kimi, Almaniyada da inflyasiya tempi sürətlə artır və bu, istehlakçıları geniş çeşiddə məhsul və xidmətlər üçün daha yüksək qiymətlərlə üzləşdirir və beləliklə, onların alıcılıq qabiliyyəti aşağı düşür.

Analitiklər indiki vəziyyətdə inflyasiya təzyiqlərinin artmaqda davam edəcəyini proqnozlaşdırırlar.

Almaniya xüsusilə enerji qiymətlərinin artırılması ilə bağlı istehlakçıların üzərinə düşən yükü qaldırmaq üçün bir sıra siyasətlər planlaşdırır.

Bunlara iyun-avqust ayları arasında regional ictimai nəqliyyata aylıq ucuz biletlər və yanacaqdoldurma məntəqələrində sürücülər üçün endirim daxildir.

Bununla belə, Berenberg Bank-ın baş iqtisadçısı Holger Schmieding bildirib ki, yanacaq endirimləri və digər müdaxilələr Almaniyada gələcək aylarda inflyasiyanın daha da artmasına səbəb ola bilər.

Holger Schmieding deyib: "Vəziyyətin payızdan etibarən yumşalmasına qədər, daşınma prosesinin pozulmasından təsirlənən mallara, eləcə də qidaya olan təzyiqlər hələlik yüksək səviyyədə qalacaq".

Teqlər