İyul 26, 2022 10:53 Asia/Baku

Rusiyanın xarici işlər naziri İstanbulda əldə olunan taxılla bağlı razılaşma çərçivəsində ölkəsinin Ukraynada hərbi əməliyyatı dayandırmaq öhdəliyini üzərinə götürmədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib: "Əgər biz Odessada baş vermiş qeyd etdiyiniz epizoddan danışsaq, o zaman Rusiyanın üzərinə götürdüyü öhdəliklərdə, o cümlədən iyulun 22-də İstanbulda imzalanmış sazişlər çərçivəsində bizə xüsusi hərbi əməliyyatı davam etdirməyi qadağan edən heç bir şey yoxdur" - deyə, o, Konqoya səfəri zamanı jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, BMT katibliyinin nümayəndələri imzalanmış sənədlərin məhz belə oxunduğunu təsdiqləyiblər.

İyulun 24-ü ərəfəsində Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinqdə bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələri Odessa limanında Ukrayna gəmisinə və ABŞ-ın "Harpun" raketlərinin anbarına dəqiq idarə olunan raketlərlə zərbə endirib.

Qeyd edək ki, İstanbulda Ukrayna nümayəndələri Türkiyə və BMT nümayəndələri ilə taxıl ixracına dair saziş imzalayıblar.

Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıb.

İddia olunur ki, taxılın ixrac olunacağı Odessa, Çernomorsk və Yujnı limanlarına nəzarət "Ukrayna tərəfində qalır". Bundan əlavə, bu limanlarda taxıl, müvafiq ərzaq məhsulları və gübrələrin ixracını təmin edən gəmilərdən başqa heç bir gəminin nəzərdə tutulmadığı vurğulanır.

Bundan əvvəl bildirilmişdi ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasına dair müqavilə imzalamaq üçün iyulun 22-də İstanbula uçub.

Daha əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin köməkçisi Mixail Podolyak bildirib ki, Rusiya və Ukrayna ayrı-ayrılıqda Ukrayna limanlarından taxıl ixracına dair sazişlər imzalayacaqlar.

Teqlər