Kosovoda atəş səsləri və hava hücumu sirenləri eşidilib
Bazar ertəsi səhər yerli media bildirib ki, Kosovonun şimalında və serb əhalinin yaşadığı ərazilərdə və Serbiya ilə sərhədə yaxın ərazilərdə hava hücumu sirenləri və atışma səsləri eşidilib.
Serbiya öz konstitusiyasına və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə əsasən, Kosovonu özünün cənub əyaləti hesab edir, onun birtərəfli müstəqillik elanını qəbul etmir və diplomatik və sülh yolu ilə Kosovonun müstəqillik sənədinin ləğvini tələb edir.
Yerli medianın verdiyi məlumata görə, insanlar Kosovoda barrikadalar qururlar. Sosial şəbəkələrdə yayılan görüntülərdə yük və minik avtomobillərinin barrikadalar yaratmaq və yolları bağlamaq üçün istifadə edildiyi görünür.
Leposaviç şəhərində kilsə zəngləri fasiləsiz çalınıb.
Serbiya prezidenti Aleksandr Vuçiç bazar günü televiziya çıxışında Kosovo polisinin bu ölkənin şimalında yaşayan serblərə qarşı hərbi əməliyyat planlaşdırdığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Priştina hakimiyyətini və ona dəstək verən ABŞ-ı və Avropa İttifaqını təxribatları dayandırmağa və Kosovoda serblərin hüquqlarına riayət etməyə çağırıb.
Kosovska Mitrovitsa bölgəsi Kosovonun şimalında yerləşir, İbra çayı ilə iki hissəyə, cənub və şimala bölünür. Kosovska Mitrovitsanın şimal hissəsinin sakinləri serblər, cənub hissəsinin sakinləri isə alban mənşəlidir.
Kosovo serbləri Serbiyanın Belqradda yerləşən mərkəzi hökumətini izləyirlər.
Kosovo albanları 2008-ci ildə birtərəfli qaydada Serbiyadan müstəqilliklərini elan ediblər.
2012-ci ilin oktyabr ayından Serbiya Kosovo probleminin həlli üçün Priştina hakimiyyəti ilə danışıqlara başlayıb və hazırda bu danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə davam edir.
BMT Təhlükəsizlik Şurasının 1999-cu ilin iyununda qəbul etdiyi 1244 saylı qətnaməyə əsasən, Kosovo BMT-nin mülki nümayəndə heyətinin himayəsindədir və təhlükəsizliyi təmin etmək üçün Şimali Atlantika Alyansı NATO-nun "K-Four" kimi tanınan qüvvələri bu ərazilərdə yerləşdirilib.